Nazarbayev Putinlə görüşüb

Bölmə: Siyasət › ,
Tarix: 19:41 02.06.2025

Mayın 29-da Moskvada Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevlə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək özəl görüş olub, çünki onları çoxillik dostluq bağlayır.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Züriyə Qarayeva bildirir ki, bu görüş Qazaxıstanın rəsmi xarici siyasət kursunda dəyişiklik siqnalı deyil:

 

“Nazarbayev artıq dövlət başçısı deyil və görüş şəxsi səciyyə daşıyır. Lakin bu, simvolik yaxınlıq mesajı kimi oxuna bilər. Rusiya belə görüşlərlə göstərmək istəyir ki, o, hələ də Qazaxıstanda “mühüm fiqurlar üzərindən oyun qura bilir”. İrana qarşı sanksiyaların dayandırılması İsrail və Körfəz ölkələri ilə münasibətləri gərginləşdirə bilər. Bu ehtimal realdır. Putin-Nazarbayev görüşü vasitəsilə Kreml köhnə elitalarla münasibətləri canlı saxlayır. Bu, hazırkı rəhbərlik – Tokayev administrasiyası – üçün dolayı mesajdır ki, Moskva Qazaxıstandakı siyasi tənzimləmələrdə passiv müşahidəçi rolunda deyil və istədiyi vaxt köhnə əlaqələri işə sala bilər. Nazarbayevin yenidən aktiv siyasətə qayıtması çətin görünür. Amma bu görüş onun geopolitik nüfuzunu qorumağa çalışdığını göstərir. O, həm ölkədaxili elitalara, həm də xarici güclərə göstərmək istəyir ki, o hələ də aktiv fiqurdur və Rusiyada yüksək səviyyədə qəbul edilir. Bu, onun ailə üzvləri və tərəfdarlarının təhlükəsizliyinə də zəmanət rolu oynaya bilər. Bu görüş rəsmi səviyyədə kurs dəyişikliyinə işarə deyil, amma iki ölkə arasında “kölgə diplomatiyasının” canlandığını göstərir. Rusiya Qazaxıstanı tam itirmək istəmir və belə şəxsi münasibətlər vasitəsilə əlaqələri isti saxlamağa çalışır. Bu, yaxın aylarda iqtisadi və təhlükəsizlik sahəsində yeni koordinasiyalarla nəticələnə bilər”.

 

Aysel Mirzəyeva