Böyük Britaniya hərbi gücünü artırır

Tarix: 19:59 02.06.2025
Böyük Britaniya Rusiya təhlükəsi və yeni təhdidlər fonunda müdafiə sahəsinə böyük sərmayələr ayırır. Nüvə başlıqları, hücum sualtı qayıqları və sursat istehsalı üçün iri investisiyalar nəzərdə tutulur. Baş nazir Keir Starmerin sözlərinə görə, ölkə “müharibəyə hazırlıq” mərhələsinə keçir.
Starmer Qlazqoda çıxışı zamanı bildirib ki, indiki təhlükə Soyuq Müharibədən bu yana ən ciddi səviyyədədir. O, Avropada müharibənin, kiberhücumların, nüvə risklərinin və Rusiyanın artan aqressiyasının Böyük Britaniya üçün real təhdid olduğunu vurğulayıb.
İcmalda NATO-nun sabiq baş katibi Corc Robertson rəhbərliyi ilə hazırlanmış müdafiə strategiyası çərçivəsində silahlı qüvvələrdə köklü dəyişikliklər nəzərdə tutulur. Starmer deyib ki, hər bir vətəndaşın bu prosesdə rolu var və cəbhə xətti artıq ölkənin daxilindədir.
Britaniya müdafiə xərclərini 2027-ci ilə qədər ÜDM-in 2,5 faizinə çatdırmaq niyyətindədir. Bu, soyuq müharibədən sonra ən böyük davamlı artım olacaq. Hökumət bu xərcləri maliyyələşdirmək üçün xaricə yardımları azaldacaq.
Planlara görə, 1,5 milyard funt 7000 uzaq mənzilli silah istehsalına ayrılacaq, 6 yeni zavod tikiləcək. Parlamentin hazırkı müddəti ərzində ümumi sursat xərcləri 6 milyard funt təşkil edəcək. AUKUS hərbi ittifaqı çərçivəsində 12-yə qədər hücum sualtı qayığı inşa olunacaq. Bundan əlavə, Müdafiə Nazirliyi nüvə başlıqları üzrə proqrama 15 milyard funt, “kiber komandanlıq” üçün isə 1 milyard funt ayırmağı planlaşdırır.
Al Jazeera
Qəmər Kazımzadə