Avropa İttifaqı ABŞ-yə qarşı tədbirlər görə bilər

Bölmə: Dünya › ,
Tarix: 20:04 02.06.2025

Avropa İttifaqı (Aİ) Komissiyası sözçülərindən Olof Gill, ABŞ ilə tariflər mövzusunda danışıqların sürətləndiyini, lakin görüşmələrdə nəticəyə gəlinməzsə, qarşı tədbirlər görəcəklərini bildirib.

 

Gill, Brüsseldə keçirilən gündəlik mətbuat konfransında, ABŞ Prezidenti Donald Trampın polad və alüminium tariflərinin artırılacağına dair açıqlamaları ilə bağlı dəyərləndirmələr aparıb.

 

“Aİ olaraq, ABŞ-nin polad tariflərini 25 faizdən 50 faizə qaldıracağını elan etməsindən dərin təəssüf hissi keçiririk”, – deyə Gill bildirib və bu qərarın qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi artıracağını, Atlantikin hər iki tərəfindəki istehlakçılar və müəssisələr üçün xərcləri yüksəldəcəyini qeyd edib. Gill, tarif artımının Aİ ilə ABŞ arasında həll üçün göstərilən səylərə zərər verdiyini vurğulayaraq, Aİ-nin bu məsələdə danışıqlara yer açmaq üçün qarşı tədbirlərini dayandırdığını xatırladıb. Aİ Komissiyası Prezidenti Ursula von der Leyen və ABŞ Prezidenti Trampın görüşündən sonra hər iki tərəfin ticarət razılaşması danışıqlarını sürətləndirmək mövzusunda razılığa gəldiyini bildirən Gill, bu sahədə irəliləyişin olduğunu, Brüsseldən texniki heyətlərin Vaşinqtona getdiyini, Aİ Komissiyasının Ticarətdən Məsul Üzvü Maros Sefcovicin isə ABŞ Ticarət Nümayəndəsi Jamieson Greer ilə çərşənbə günü Parisdə görüş keçirəcəyini deyib. Gill, “Danışıqlar balanslı nəticəyə gəlməzsə, Aİ bu son tarif artımına cavab olaraq qarşı tədbirlər tətbiq etməyə hazırdır”, – deyə bildirib.Komissiyanın Aİ-nin maraqlarını qorumaq üçün hərəkətə keçməyə hazır olduğunu bildirən Gill, işçiləri, istehlakçıları və sənayeni qoruyacaqlarını da əlavə edib.

 

Anadolu Agentliyi
Billurə Quliyeva