İlon Mask “dünyanın ən böyük zavodu”nun tikintisinə başlayır

Bölmə: Dünya › ,
Tarix: 20:19 02.06.2025

SpaceX şirkətinin rəhbəri İlon Mask “Gigabay” adlı yeni istehsal kompleksinin tikintisi ilə bağlı iddialı planlarını açıqlayıb.

 

Mask bildirib ki, bu tikili dünyanın ən böyük binalarından biri olacaq və bəzi göstəricilərinə görə planetin ən iri binası sayılacaq.

 

O, bu barədə Texas ştatındakı SpaceX bazasında çıxışı zamanı danışıb:

 

“Bu, bizim "Gigabay" dır. Hələ tikilməyib, amma artıq tikinti işlərinə başlayırıq. Bəzi parametrlərinə görə bu bina dünyanın ən böyük binası olacaq. O, ildə min ədəd "Starship" kosmik gəmisinin istehsalı üçün nəzərdə tutulub", – deyə Mask vurğulayıb.

 

Yeni sənaye kompleksi “Starship” kosmik gəmilərinin misli görünməmiş sürətlə – ildə min ədədə qədər – istehsalını təmin etməyi hədəfləyir. Bu, SpaceX-in Marsın kolonizasiya olunması və NASA-nın Ay missiyalarının dəstəklənməsi kimi uzunmüddətli məqsədlərinə çatmaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Qurğuda Super Heavy gücləndiricisi və gəminin yuxarı pilləsindən ibarət “Starship” sisteminin səmərəli şəkildə istehsalı üçün qabaqcıl avtomatlaşdırılmış montaj xətləri quraşdırılacaq. Bu texnoloji həll buraxılışların tezliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

 

Qeyd edək ki, hər bir “Starship” raketi aşağı Yer orbitinə 150 tona qədər faydalı yük daşımaq gücünə malikdir. Bu göstərici hazırda istifadə olunan Falcon 9 daşıyıcı raketinin imkanlarını xeyli üstələyir və bəşəriyyətin kosmosun fəthinə doğru irəliləyişini sürətləndirir.

 

Mənbə :Caliber

Aytən Ağazadə