Çin ABŞ-ni ticarət atəşkəsini pozmaqda ittiham edib

Bölmə: Dünya › ,
Tarix: 20:42 02.06.2025

Pekinin açıqlamaları, ABŞ Prezidenti Donald Trampın cümə günü Çinin razılaşmanı “tamamilə pozduğunu” deməsinin ardından gəldi.

 

Çin, ötən ay Cenevrədə əldə olunmuş və qarşılıqlı yüksək tariflərin müvəqqəti olaraq azaldılmasını nəzərdə tutan ticarət atəşkəsinə baxmayaraq, ABŞ-ni “ciddi pozuntular”da ittiham edərək, Vaşinqtonun son addımlarının razılaşmanı pozduğunu bildirib.

 

Çin Ticarət Nazirliyi, ABŞ-nin Çinə çip dizayn proqram təminatının satışını dayandırmasını, Huawei-nin istehsal etdiyi çiplərin istifadəsinə dair xəbərdarlıqlarını və Çinli tələbələrin vizalarının ləğvini sərt şəkildə tənqid edib.

 

Nazirliyin açıqlamasında bildirilib: “ABŞ-ni yanlış addımlarını dərhal düzəltmək üçün Çinlə birgə işləməyə çağırırıq. Əgər ABŞ öz bildiyini oxumağa və Çinin maraqlarına zərər verməyə davam edərsə, Çin öz qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli və güclü tədbirlər görməyə davam edəcək".

 

May ayının əvvəlində əldə olunmuş irəliləyiş nəticəsində, Vaşinqton Çindən idxal edilən mallara tətbiq olunan gömrük rüsumlarını 145 faizdən 30 faizə endirib. Pekin isə cavab olaraq, misli ilə tətbiq etdiyi vergiləri 125 faizdən 10 faizə saldı.

 

Razılaşma tərəflərə daha geniş bir kompromisə nail olmaq üçün 90 günlük bir müddət verir. Lakin bu müvəqqəti atəşkəsə baxmayaraq, son günlərdə iki ölkə arasında ticarət və diplomatik gərginlik yenidən artıb.

 

Mənbə: Euronews

Ayan Əsgərova