Rusiya və Ukrayna əsir mübadiləsində razılığa gəlib

Bölmə: Dünya › ,
Tarix: 20:53 02.06.2025

Rusiya-Ukrayna müharibəsinə son qoymağı hədəfləyən Türkiyə-Rusiya-Ukrayna Üçtərəfli Görüşü başa çatıb. İstanbulda keçirilən görüşdə tərəflər bütün ağır xəstə hərbi əsirlərin və 25 yaşdan aşağı şəxslərin mübadiləsi ilə bağlı razılıq əldə etdilər.

 

Türkiyənin ev sahibliyi ilə İstanbulda keçirilən bu Üçtərəfli Görüşə Xarici İşlər Naziri Hakan Fidan rəhbərlik edib. Görüşdə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və Baş Qərargah rəisi Orgeneral Metin Gürak da iştirak ediblər.

 

Görüşdən sonra açıqlama verən Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli danışıqların “mənfi nəticələnmədiyini” bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə açıqlamasında, “Heyətlər türk tərəfinin vasitəçiliyi ilə sənədləri dəyişdi. Hərbi əsirlərin azad edilməsi üçün hazırlıq aparırıq",- deyə bildirib.

 

Ukrayna heyətinin üzvü Kyslytsya, danışıqların konkret humanitar nəticələr verə biləcək bir mərhələyə çatdığını qeyd edib.

 

Ukrayna Müdafiə Naziri Rustem Umerov isə deyib: “Bütün əsirlərin azad edilməsini və oğurlanmış uşaqların geri qaytarılmasını tələb edirik. Bütün əsas məsələlərin yalnız liderlər səviyyəsində həll olunacağına inanırıq. Ayın sonuna – 20–30 iyun tarixləri arasında daha bir görüş keçirməyi təklif etdik. İlk addım çox aydındır: atəşkəsin təmin olunması, humanitar addımların atılması və liderlər zirvəsinə hazırlıq”.

 

Rusiya mənbələrinin verdiyi məlumata görə, əsir mübadiləsinin detalları artıq müəyyənləşib. Müvafiq razılaşmaya əsasən, bütün ağır xəstə hərbi əsirlər və 25 yaşdan aşağı şəxslər qarşılıqlı olaraq dəyişdiriləcək.

 

İstanbuldakı danışıqlarda iştirak edən Rusiya heyətinin rəhbəri Vladimir Medinskiy bildirib: “Ən genişmiqyaslı əsir mübadiləsi ilə bağlı razılığa gəldik. Yaralı və ağır yaralı bütün əsgərlər mübadilə ediləcək”.

 

Mənbə: TRT haber

Ayan Əsgərova