Avropa İttifaqından Rusiyaya yeni sanksiya hazırlığı

Tarix: 21:11 02.06.2025
Avropa İttifaqı (Aİ), Rusiyaya qarşı xam neftin tavan qiymətinin azaldılmasını da əhatə edən 18-ci sanksiya paketinin hazırlanmasına başlayıb.
Aİ Komissiyasının sədri Ursula fon der Leyen ABŞ senatoru Lindsi Qraham ilə Berlində keçirdiyi görüşdən sonra sosial media hesabında paylaşım edib.
Senator Qraham ilə məhsuldar bir görüş keçirdiyini bildirən fon der Leyen qeyd edib:
“Aİ, xam neftin tavan qiymətinin azaldılmasını da nəzərdə tutan 18-ci sərt sanksiya paketini hazırlayır. Bu addımlar ABŞ-nin atdığı tədbirlərlə birlikdə tətbiq olunduqda sanksiyalarımızın birgə təsirini əhəmiyyətli dərəcədə artıracaq”.
Aİ Komissiyasının açıqlamasında isə bildirilib ki, Aİ Rusiyanın enerji gəlirlərini hədəf alan 18-ci sanksiya paketinin hazırlanmasına başlayıb. Bu paket Şimal Axını infrastrukturunu, Rusiyanın bank sektorunu və xam neftin qiymət tavanının azaldılmasını əhatə edəcək.
Həmçinin, Rusiyanın neft nəqlində istifadə etdiyi “kölgə donanmasını” hədəf alan tədbirlərin də tətbiq olunduğu xatırladılıb. Kremlin maliyyə mənbələrinin azaldılmasının əsas məqsəd olduğu vurğulanıb.
TRT Xəbər
Nuray Əliyeva