NATO ilə Rusiya arasında gərginlik artır – Yeni müharibə qapıdadır?

Bölmə: Siyasət › ,
Tarix: 12:45 10.06.2025

Almaniyada hesab edirlər ki, Moskva NATO-nun bir və ya bir neçə üzvünə hücumun bütün alyansa qarşı hücum sayıldığı 5-ci maddəni sınaqdan keçirmək istəyir.

 

Bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kahl bildirib. Onun fikrincə, Rusiyadan gələn aqressiyanı nəzərə almamaq olmaz, çünki Kremlin məqsədi Qərbə təsir dairəsini genişləndirməkdir:

 

"Biz tam əminik və Ukraynanın Qərbə doğru bir addım olduğuna dair kəşfiyyat sübutlarımız var. Moskvada artıq NATO-nun 5-ci maddəsinin işlək olmadığına inanan insanlar var. Onlar bunu sınaqdan keçirmək istəyirlər".

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Ukraynada müharibənin başlanmasından sonra NATO ölkələrinin Rusiyaya qarşı mövqeyi xeyli sərtləşib:

 

"Alyans üzvləri ehtimal olunan təhlükələrə qarşı hərbi güclərini və müdafiə strategiyalarını davamlı olaraq təkmilləşdirirlər. Bu şəraitdə Rusiya ilə NATO arasında qarşıdurma riski müəyyən qədər real görünə bilər. Çünki Rusiyanın Ukraynaya hücumu da əvvəlcədən proqnozlaşdırılmayıb. 2014-cü ildə Krımın ilhaqı və sonrakı hadisələr bu təhlükənin nə qədər ciddi ola biləcəyini göstərdi.

 

Hazırda NATO dövlətləri mümkün təhdidlərə qarşı ciddi şəkildə hazırlıq görürlər. Hərbi kontingentlər artırılır, sərhədlər gücləndirilir. Bu tədbirlərin əsas səbəbi Rusiyanın qəfil hərbi addımlar ata bilmə ehtimalıdır. Lakin indiki mərhələdə Moskvanın NATO ilə birbaşa müharibəyə başlama ehtimalı çox zəifdir. Bunun əsas səbəbi Ukraynada davam edən uzunmüddətli müharibənin Rusiyanı həm iqtisadi, həm də hərbi baxımdan ciddi şəkildə zəiflətməsidir. İtirilən resursların bərpası asan və tez başa gələn proses deyil.

 

Eyni zamanda, Rusiyanın bu müddət ərzində Ukraynada arzuladığı nəticələri əldə edə bilməməsi onun strateji mövqeyinə mənfi təsir göstərib. NATO ilə genişmiqyaslı müharibə isə daha ağır nəticələrə gətirib çıxara bilər və bu, Kreml üçün ciddi risk sayılır. Həm NATO, həm də Rusiya qarşılıqlı şəkildə birbaşa toqquşmadan yayınmağa çalışır ki, bu da gərginliyin nəzarət altında qalmasına şərait yaradır".

 

Politoloq əlavə edib ki, bununla belə, hər iki tərəf silahlanmanı davam etdirir:

 

"Rusiya həm daxildə hərbi istehsal gücünü artırır, həm də xarici tərəfdaşlardan dəstək alır. NATO isə buna paralel olaraq öz müdafiə imkanlarını daha da genişləndirir. Hər iki tərəf mümkün eskalasiyaya qarşı maksimum hazırlıq vəziyyətində qalır.

 

Ümumilikdə isə yaxın perspektivdə Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişənin baş verəcəyi ehtimalı çox aşağıdır. Belə bir qarşıdurma Rusiyanın həm daxili, həm də beynəlxalq vəziyyətini kritik həddə çatdıra bilər. Buna görə də Rusiyanın yaxın zamanda belə bir riskə gedəcəyi inandırıcı görünmür".

 

Aytən Ağazadə