ABŞ-İran danışıqlarının növbəti raundu keçiriləcək-ŞƏRH

Tarix: 13:27 10.06.2025
Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün İran və ABŞ rəsmiləri arasında danışıqların altıncı raundu iyunun 15-də Omanın paytaxtı Maskatda keçiriləcək.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva bildirir ki, iyunun 15-də Omanın paytaxtı Maskatda İran və ABŞ arasında dolayı nüvə danışıqlarının növbəti raundu keçiriləcək:
“Bu görüş, tərəflər arasında illərdir davam edən qarşılıqlı etimadsızlıq, qarşılıqlı ittihamlar və qarşılıqlı sanksiyalar fonunda baş tutur. İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, danışıqlar “aparılan məsləhətləşmələrə əsasən” və “təmas kanallarını açıq saxlamaq məqsədilə” baş tutur. ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl bildirmişdi ki, Vaşinqton bu mərhələdə əsas prioritet olaraq İranın öz ərazisində uran zənginləşdirməsindən imtina etməsini tələb edir. Tehran isə bu tələblə razılaşmadığını açıq şəkildə bəyan edib. Bu görüş ətrafında yaranan gözləntilər olduqca mübahisəlidir. Maskat raundu, əslində, uzun illərdir davam edən və artıq ənənəyə çevrilmiş diplomatik taktikaların növbəti mərhələsidir. Hər iki tərəf üçün bu danışıqlar strateji deyil, daha çox taktiki əhəmiyyət daşıyır. Vaşinqton, İranı sanksiyalar və diplomatik təcrid vasitəsilə təzyiq altında saxlamaqla yanaşı, eyni zamanda regionda birbaşa hərbi qarşıdurmaya getməmək üçün minimal diplomatik kanalları qoruyur. Tehran isə danışıqlarda iştirak etməklə beynəlxalq aləmdə təcrid olunmuş obrazını yumşaltmağa və Çinə, Rusiyaya yönəlik geosiyasi mövqeyini qorumağa çalışır”.
Həmçinin şərhçi qeyd edib ki, danışıqların uğursuzluğu Yaxın Şərqdə yeni geosiyasi konfiqurasiyaların formalaşmasına səbəb ola bilər:
“İranın sərt mövqedə qalması və ABŞ ilə razılığa gəlməməsi Səudiyyə Ərəbistanı və İsrail arasında yaxınlaşmanı sürətləndirə, ABŞ-nin dəstəklədiyi yeni təhlükəsizlik bloklarının formalaşmasına zəmin yarada bilər. Belə bir vəziyyət regionda güc balansını dəyişə və qarşıdurma ehtimalını artıra bilər. Digər tərəfdən, İran bu gedişatda daha çox Rusiya və Çinlə strateji əməkdaşlığa yönələcək, bu da ABŞ-nin təsir imkanlarını məhdudlaşdıracaq. Pekinin vasitəçiliyi ilə Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşması bu kontekstdə təsadüfi deyil. Çin və Rusiya üçün İranın ABŞ ilə razılaşmadan kənarda qalması, onun Qərbdən daha da uzaqlaşdırılması strateji fürsət kimi dəyərləndirilir. Maskat danışıqları həmçinin beynəlxalq diplomatiyada multilateralizmin tənəzzülünü də bir daha nümayiş etdirir. Əgər 2015-ci il nüvə sazişi (JCPOA) beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuşduysa, bu gün aparılan danışıqların xarakteri dolayı və fragmentardır. ABŞ və İran arasında birbaşa təmas yoxdur, vasitəçi dövlətlər və beynəlxalq təşkilatlar isə artıq əvvəlki təsir gücünə malik deyillər. Bu isə regionda sabitliyin institutlar deyil, böyük güclər arasında qarşılıqlı razılaşmalar üzərindən qurulması riskini artırır”.
Son olaraq politoloq bildirib ki, uzunmüddətli perspektivdə ABŞ–İran etimadsızlığı bu proseslərin ən ciddi əngəlidir:
“Tramp administrasiyasının 2018-ci ildə JCPOA-dan birtərəfli şəkildə çıxması, İran üçün ABŞ-nin verdiyi zəmanətlərin dayanıqsız olduğunu göstərdi. Tehran isə həm regional təsir imkanlarını, həm də nüvə texnologiyalarını strateji silah kimi qorumaqda qərarlıdır. Bu reallıqlar fonunda Maskat danışıqlarının qısa müddətdə nəticə verəcəyi ehtimalı zəifdir. Bununla belə, hər iki tərəf danışıqları tamamilə dayandırmağa da maraqlı görünmür. Bu, regionda total qarşıdurmanın qarşısını almağa yönəlmiş minimal, lakin vacib diplomatik kanalların qorunması səyləridir. Maskat raundu da bu kanalların son simvolik epizodlarından biri olacaq. Region isə növbəti mərhələdə ya yeni qarşıdurmalara, ya da maraqların kəsişdiyi nöqtədə yaranan yeni güc balanslarına şahidlik edəcək”.
Aysel Mirzəyeva