ABŞ İsraildəki vətəndaşlarını təxliyə edəcək

Bölmə: Dünya › ,
Tarix: 21:25 18.06.2025

ABŞ-nin İsraildəki səfiri Mike Huckabee bildirib ki, İranın raket hücumlarından sonra İsraili tərk etmək istəyən ABŞ vətəndaşları üçün təxliyə işləri davam edir.

 

ABŞ səfiri Huckabee X hesabında verdiyi açıqlamada səfirliyin İsraili tərk etmək istəyən ABŞ vətəndaşları üçün evakuasiya uçuşları və kruiz gəmilərinin yola salınması üzərində işlədiyini bildirib.

 

Huckabee qeyd edib ki, evakuasiya üçün qeydiyyat prosedurlarına başlanılıb.

 

Digər tərəfdən, “İsrail Hayom” qəzetində yer alan xəbərdə İranla qarşıdurma başlayandan bəri ilk dəfə olaraq 20 İyunun Cümə günü əcnəbilərin və diplomatların ölkədən uçmasına icazə veriləcəyi açıqlanıb.

 

Xəbərdə israillilərin yalnız bir istisna komitəsinin razılığı ilə uça biləcəyi bildirilib.

 

İsrailin İrana şiddətli hücumları ilə başlayan qarşıdurma

 

İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, o cümlədən ordunun yüksək komandanlığına geniş hücumlar həyata keçirib.

 

Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub, mülki itkilərin ümumi sayı isə 224 olaraq açıqlanıb.

 

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

 

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli