"İsrail bölgəmizi böyük qarışıqlığa sürükləyir"

Tarix: 21:50 18.06.2025
Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib ki, İranda baş verən hadisələrlə bağlı sərhəd təhlükəsizliyi gücləndirilib. O, Baş Qərargah rəisi Metin Gürak və digər yüksək rütbəli komandirlərlə birlikdə İranla sərhəddə yerləşən Van bölgəsinə səfər edib, 4-cü sərhəd batalyonunda və 6-cı sərhəd briqadasında yoxlamalar aparıb.
Nazir Güler İsrail və İran arasında davam edən gərginliklə bağlı danışaraq bildirib:
“Regionda və dünyada risk və təhlükələr hər keçən gün artır. Belə bir həssas dövrdə Türkiyənin güclü və ayıq olması olduqca vacibdir. Bu səbəbdən Türkiyə Silahlı Qüvvələri və Müdafiə Nazirliyi ölkəmizin təhlükəsizliyi üçün tarixinin ən əhatəli və effektiv tədbirlərini həyata keçirir".
O, həmçinin vurğulayıb ki, ölkə daxilində və xaricdə terrorla mübarizədə mühüm uğurlar qazanılıb:
“Sərhədlərimizin qorunması sayəsində terror təhlükəsi ölkəmizin gündəmindən çıxarılıb. Terror təşkilatları artıq silahlarını yerə qoymaq məcburiyyətində qalıb. Bu tarixi uğur dövlətimizin iradəsi və əsgərlərimizin qətiyyətli mübarizəsi sayəsində əldə olunub”.
Anadolu Agency
Ayan Əsgərova