"İranın İsrailin dövlət terroruna qarşı özünü müdafiə etmək hüququ tam qanunidir"

Tarix: 21:53 18.06.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İranın İsrailin banditizmi və dövlət terroruna qarşı özünü müdafiə etmək hüququ tamamilə təbii, qanuni və hüquqi baxımdan əsaslıdır. O, bu fikri parlamentdə Ədalət və İnkişaf Partiyasının fraksiya iclasında çıxışı zamanı bildirib.
Ərdoğan İsrailin Qəzza, Suriya, Livan, Yəmən və İran kimi ölkələrə qarşı hücumlarını pisləyib və Türkiyənin bu qeyri-insani aqressiyanı dayandırmaq üçün əlindən gələni etdiyini, etməyə davam edəcəyini vurğulayıb.
O qeyd edib ki, İsrailin Fələstindəki işğalçı siyasəti xüsusilə 7 oktyabr 2023-cü ildən sonra soyqırıma çevrilib və nəticədə 55 mindən çox günahsız insan, əsasən qadın və uşaqlar həlak olub, 128 min nəfər yaralanıb. Ərdoğan bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun törətdiyi soyqırımlar, hətta Hitlerin vəhşiliyini də keçib və ümid etdiyini bildirib ki, o, beynəlxalq məhkəmədə cavab verəcək.
Prezident həmçinin İsrailin İrana qarşı hücumlarını və bu ölkə daxilində təşkil etdiyi qətlləri də bənditizm kimi qiymətləndirib. Bildirib ki, İsrail heç bir beynəlxalq qanunu tanımadan terror aktları törədir və nüvə silahına sahib bir ölkə olaraq özbaşına hərəkət edir.
Ərdoğan, BMT başda olmaqla beynəlxalq təşkilatların bu aqressiya qarşısında sükut etməsini kəskin şəkildə tənqid edib və bildirib ki, bu cinayətlərin qarşısını almaq insanlığın ümumi vəzifəsidir.
Anadolu Agency
Əsgərova Ayan