Məşhur basketbolçunu qatar vurub, həyatını itirib

Bölmə: İdman › ,
Tarix: 18:07 20.06.2025

Gənc yaşlarında adından söz etdirən argentinalı basketbolçu Wanda López, Berazateguidəki Tren Roca xəttində baş verən faciəvi qəza nəticəsində həyatını itirib. Cəmi 24 yaşında olan López, Obras Basket komandasında çıxış edib və “yüksələn istedad” kimi diqqət çəkib.


Hadisə 18 iyun Çərşənbə günü günorta saatlarında baş verib. López qatarın vurması nəticəsində həyatını itirib; qəzanın səbəbi hələ müəyyən edilməyib və hadisə ilə bağlı istintaq davam edir. Argentina mediasında oyunçunun qatarın qarşısına atılaraq intihar etdiyi iddia olunur.


Wanda López, son olaraq Obras Basket klubunda forma geyinib və parlaq gələcəyi olan oyunçu hesab olunub.

 

Karyerasına Berazateguidə başlayıb, Morano de Quilmes və Olimpiya hazırlıq komandalarında çıxış etməklə davam edib.


Obras Basket sosial media hesablarında paylaşdığı mesajla acı xəbəri təsdiqləyib:


“Obras Basket olaraq, bu il komandamızda yer alan Wanda López-in vəfatını dərin hüznlə öyrəndik. Ailəsinin və yaxınlarının acısını ürəkdən paylaşırıq.”


Argentina Basketbol Klubları Assosiasiyası da oxşar şəkildə başsağlığı mesajı yayımlayıb. İdman camiəsində böyük sarsıntı yaşanıb.


Haber Global
Xəlilli Nigar