“Naxçıvanın yeni idarəetmə modeli daha məqsədəuyğundur”

Bölmə: Siyasət › ,
Tarix: 21:22 20.06.2025

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq. Bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununun layihəsində öz əksini tapıb.

 

Məsələ ilə bağlı politoloq Turab Rzayev "İnformator.az" saytına açıqlamasında bildirib ki, bu dəyişikliklər Azərbaycanın unitar dövlət quruluşuna uyğunlaşdırılmasına xidmət edir:

 

“Azərbaycan unitar dövlətdir və ali icra hakimiyyəti Prezidentin əlində cəmlənib. Lakin Naxçıvanda icra hakimiyyəti Ali Məclis sədrinin səlahiyyətində idi ki, bu isə mərkəzi idarəetmə prinsipinə zidd idi.

Naxçıvanın idarəetmə sistemindəki fərqliliklərin aradan qaldırılması istiqamətində ilk addım Prezidentin xüsusi nümayəndəsinin təyin olunması ilə atılıb. Sonuncu mərhələdə isə Naxçıvanın idarə olunması Prezident Administrasiyası ilə birbaşa əlaqələndirilməyə başlanıb".

 

Müsahibimiz bu dəyişikliyin regionun sosial və iqtisadi inkişafı üçün mühüm rol oynayacağını düşünür:

 

“İndiyə qədər yerli idarəetmədə büdcə vəsaitlərinin mənimsənilməsi; süni rəqəmlərlə hesabatların şişirdilməsi halları müşahidə olunurdu. Mərkəzdən birbaşa idarəetmə bu neqativ halların qarşısını ala və bölgəyə daha effektiv nəzarət imkanları yarada bilər.

Hazırkı şəraitdə Naxçıvanın muxtariyyət statusu artıq öz aktuallığını itirib və bu statusun ləğvi də gündəmə gələ bilər. Naxçıvan faktiki olaraq heç bir fərqli xüsusiyyət daşımır. Qarabağda olduğu kimi, burada da “boz zona” anlayışına son qoyulmalı və vahid idarəetmə modelinə keçilməlidir.

Atılan addımlar Naxçıvanın mərkəzdən idarə olunmasını gücləndirəcək və bu, regionun siyasi, sosial və iqtisadi inkişafına əhəmiyyətli töhfə verəcək".

 

Ayan Əsgərova