Nazir: "Sloveniya Azərbaycanı “yaşıl keçid”də əsas tərəfdaş hesab edir"

Tarix: 14:32 08.07.2025
Sloveniya Azərbaycanı enerji mənbələrinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və “yaşıl keçid” məqsədlərinin həyata keçirilməsində əsas tərəfdaş hesab edir.
"İnformator.az" “Report” a istinadən xəbər verir ki, bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer azərbaycanlı həmkarı Pərviz Şahbazov ilə görüşündə deyib.
“Bugünkü görüşümüz ölkələrimiz arasında fəal siyasi dialoqun davamıdır. Biz ümumi gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə - təbii qazın etibarlı təchizatı, uzunmüddətli enerji əməkdaşlığı və ilk növbədə, bərpa olunan enerji layihələrinin inkişafına diqqət ayırdıq. Əminəm ki, gələcək çağırışların və imkanların ümumi anlayışı sayəsində biz dayanıqlı enerji gələcəyini birlikdə qura biləcəyik”, - o qeyd edib. Qeyd edək ki, Sloveniyaya tədarükləri nəzərə almaqla Azərbaycan 12 ölkəyə - 10 Avropa ölkəsinə, həmçinin Türkiyə və Gürcüstana qaz ixrac edir. Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sloveniyaya qazın tədarükünə 2024-cü il avqustun 1-dən başlayıb. Təchizat SOCAR ilə Sloveniyanın qaz bazarının ən iri şirkəti – “Geoplin” arasında iyulun 17-də imzalanmış qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu əsasında həyata keçirilir. Bundan əlavə, bu il aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərinin 3-cü iclası çərçivəsində Azərbaycan və Sloveniya arasında iki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycan və Sloveniya arasında təbii qaz və bərpa olunan enerji sahəsində enerji əlaqələrinin inkişafını dəstəkləyir.