Moskva Ukrayna ilə münaqişənin həlli üçün əsas tələblərini açıqlayıb

Bölmə: Siyasət › ,
Tarix: 21:39 23.06.2025

Rusiya Prezidenti Vladimir Putin “Sky News Arabia”ya müsahibəsində Ukrayna ilə münaqişənin həlli üçün əsas şərtləri açıqlayıb. Onun sözlərinə görə, Kiyev Rusiyanın nəzarətində olan Ukrayna ərazilərində keçirilmiş referendumların nəticələrini tanımalı, neytral status qəbul etməli, xarici alyanslara qoşulmamalı və nüvə silahına malik olmamalıdır.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin “Sky News Arabia”ya verdiyi müsahibədə irəli sürdüyü tələblər, əslində Moskvanın müharibənin əvvəlindən bəri səsləndirdiyi geosiyasi prioritetlərin yenidən təkrar ifadəsidir:

 

"Bu tələblər arasında Rusiya nəzarətində olan ərazilərdə keçirilən referendumların tanınması, Ukraynanın neytral statusu və NATO-ya qoşulmaması əsas yer tutur. Eyni zamanda nüvə silahından imtina və “marionet rejimlərin” təsirindən uzaq qalmaq kimi şərtlər də bu siyahıya əlavə olunub. Bu şərtlərə qarşı Ukraynanın rəsmi mövqeyi qəti və prinsipial şəkildə mənfidir. Prezident Zelenski və onun komandası dəfələrlə bəyan ediblər ki, Ukraynanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz və heç bir xarici gücün diktəsi ilə dövlətin geosiyasi kursu dəyişdirilməyəcək. Rusiya tərəfindən keçirilən “referendumlar” isə həm Ukrayna, həm də beynəlxalq birlik tərəfindən qanunsuz və legitim sayılmır. Bu kontekstdə Putinin tələbləri Ukrayna üçün faktiki olaraq kapitulyasiya sənədinə bərabərdir və indiki mərhələdə Kiyevin bu şərtləri qəbul etməsi ehtimalı sıfıra yaxındır. Əgər bu tələblər reallaşarsa, bu, regional və qlobal təhlükəsizlik balansında ciddi dəyişikliklərə səbəb olacaq. Əvvəla, belə bir razılaşma presedent yaradar və gələcəkdə hərbi güc yolu ilə sərhədlərin dəyişdirilməsi ideyasını legitimləşdirə bilər. Bu isə post-Soyuq Müharibə dövrünün əsas beynəlxalq hüquq prinsiplərindən birinə – dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə ciddi zərbə vur bilər. İkincisi, bu tələblərin yerinə yetirilməsi NATO-nun Şərqə doğru genişlənməsi siyasətinə maneə yarada və Rusiya üçün “təhlükəsizlik buferi”nin bərpasına imkan verər. Bu isə xüsusilə Baltikyanı dövlətlər və Polşa üçün yeni təhdid mühiti yaradacaq. Ukraynanın NATO-ya üzv olmaq istəyi ilə Putinin tələbləri arasında fundamental ziddiyyət mövcuddur. Ukrayna üçün NATO-ya üzvlük yalnız hərbi təhlükəsizlik baxımından deyil, həm də Qərblə inteqrasiya və dövlət suverenliyinin qorunması baxımından prioritet məsələdir. Zelenski hakimiyyəti dəfələrlə bəyan edib ki, NATO və Avropa İttifaqı üzvlüyü Ukraynanın strateji məqsədləridir və bu yoldan geri dönüş yoxdur. Bu baxımdan Rusiyanın “neytrallıq” tələbi Ukraynanın xarici siyasət kursunu tək tərəfli şəkildə məhdudlaşdırmaq cəhdidir və Kiyev tərəfindən qəbul edilə bilməz. Yekunda, Putinin bu çıxışı, hər nə qədər “diplomatik təşəbbüs” kimi təqdim edilsə də, əslində siyasi ritorikadan ibarətdir və qarşı tərəfi günahkar göstərmək üçün yeni əsas yaratmaq məqsədi daşıyır. Moskvanın bu şərtlərlə real sülh istədiyi deyil, əksinə müharibənin davamını öz geosiyasi təsir dairəsini genişləndirmək üçün istifadə etdiyi aydın görünür. Ukrayna isə bu mərhələdə yalnız hərbi, iqtisadi və diplomatik dəstəklə öz mövqelərini qorumağa çalışacaq".


Ayşən Səlimova