İki cəbhəli müharibə-İsrail-İran və Ukrayna-Rusiya gərginliyi

Tarix: 21:54 23.06.2025
Hazırda dünya iki önəmli münaqişənin təsiri altındadır: İsrail ilə İran arasındakı gərginlik və Ukrayna-Rusiya müharibəsi. Hər iki qarşıdurma regionlarda böyük siyasi və hərbi dəyişikliklərə səbəb olur. Bu vəziyyət beynəlxalq güc balansını yenidən formalaşdırır və qlobal təhlükəsizlik üçün ciddi çağırışlar yaradır.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin də əməliyyatlara qoşulması və nüvə obyektlərinə zərər endirməsindən sonra İsrail-İran münaqişələrinə diqqət daha da artıb:
"Rusiya da öz növbəsində bu vəziyyətdən maksimum şəkildə istifadə etməyə çalışır. İsrail və İran arasında hərbi əməliyyatları başlayan andan, yəni ayın 13-dən etibarən biz Rusiyanın Ukrayna əraziləri və xüsusilə də Kiyev istiqamətində aktiv hava zərbələrini müşahidə edirik. Bir çox hallarda bu zərbələrdən mülki insanların zərər görməsinə baxmayaraq beynəlxaq birliyin baş verənlərə əvvəllər olduğu kimi aktiv və dərhal reaksiya verməməsi də Rusiya-Ukrayna müharibəsinin böyük miqyasda arxa fona keçdiyini təsdiqləyir. Amma bu heç də Rusiya-Ukrayna müharibəsinə beynəlxalq diqqətin tamamilə azalması anlamına gəlməməlidir. ABŞ üçün bu məsələ arxa plana keçsə də Avropa İttifaqı ölkələri üçün hələ də aktualdır. Çünki İsrail-İran savaşından fərqli olaraq Rusiya və Ukrayna arasındakı müharibə Aİ-nin sərhədlərində baş verir. Rusiyanın indiki halda Tehranla müttəfiq münasibətlərinə görə hansısa addımlar atacağı isə inandırıcı deyil. Çünki Rusiya onsuz da Ukrayna ilə müharibə səbəbilə istər hərbi, istərsə də iqtisadi baxımdan geriləyib. Belə bir vəziyyətdə İrana hərbi dəstək vermək isə təkcə İsraili yox, həm də ABŞ-ni qarşısına almaq deməkdir. Rusiya isə ABŞ-lə açıq konfrantasiyadan maksimum qaçır. Rusiyanın İrana dəstəyi Tramp hakimiyyətinin Ukraynaya dəstəyi maksimum artırmasına səbəb olar ki, bu da Rusiya üçün ağır nəticlərə səbəb olar".
Ekspert həmçinin bunu da bildirib ki, müharibədən əvvəl Rusiya və iran arasında imzalanmış strateji müttəfiqlik haqqında müqavilə mətnində əvvəldən gözlənildiyi kimi bir-birinə hərbi dəstək verməklə bağlı müddəalar çıxarılanda artıq məlum idi ki, İrana mümkün hərbi müdaxilə halında Rusiyanın bu müharibəyə qoşulmaq fikri yoxdur:
"İndiki halda Rusiya təbii ki, İranda baş verənlərdən narahatdır. Ən azından İran tərəfindən təmin edilən pilotsuz uçuş aparatları və raketlərin tədarükündə problemlərin ortaya çıxması Rusiyanı təbii olaraq narahat edir. Amma nə olur olsun Rusiyanın indi İran üçün edə biləcəyi tək şey İsrail və ABŞ-nin hücumlarının pisləyən bəyanatlar verməkdən ibarət ola bilər. Qərb koalisiyası və NATO-ya gəldikdə isə burada da vəzifələr artıq çoxdan bölünüb. Tramp Aİ ölkələrinin təhlükəsizliyindən imtina edə biləcəyinin və ya ABŞ-nin NATO-dan çıxa biləcəyinin anonsunu verəndə əslində Avropanı öz təhlükəsizliyi üçün daha çox diqqət ayrımağa məcbur etdi və nəticədə biz qısa vaxt ərzində Aİ ölkələrinin öz təhlükəsizliyi üçün daha çox maliyyə ayırmağa başladığını və eləcə də silah istehsalının həcmini artırdığını müşahidə etdik. Eyni şəkildə Ukrayna dəstəkdə də ABŞ-nin geri dayanması Aİ ölkələrini Ukraynaya dəstək üçün daha çox resurs cəlb etməyə məcbur etdi. Başqa sözlə desək bu iki müharibədə kimin harada dayanacağı və hansı şəkildə dəstək verəcəyi artıq çoxdan müəyyənləşib. ABŞ və Böyük Britaniya İsrail-İran cəbhəsinə, Avropa İttifaqı isə Rusiya-Ukrayna cəbhəsinə fokuslanıb".
Gülhüseynova Güllər