İsrailin hücumunda öldüyü iddia edilən iranlı general Tehrandakı etirazlarda iştirak edib

Bölmə: Dünya › ,
Tarix: 12:16 25.06.2025

13 iyun tarixində İsrailin həyata keçirdiyi hücumlar zamanı həyatını itirdiyi iddia olunan İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, general-polkovnik İsmayıl Qaani Tehranda keçirilən etiraz aksiyalarında iştirak edib.


İranın rəsmi IRNA xəbər agentliyinin məlumatına görə, İsrailin hücumu zamanı öldüyü iddia edilən generallar arasında Qaaninin də adı çəkilməyə davam edərkən, o, 12 gün sonra ilk dəfə olaraq paytaxt Tehranda görüntülənib.


Xəbərdə qeyd olunur ki, Qaani İsraillə atəşkəsdən sonra Tehrandakı İnqilab Meydanında keçirilən “qələbə bayramına” qatılıb və bu barədə görüntülər də yayımlanıb.


Kadrlar Qaaninin onu müşayiət edən mühafizəçilərlə birlikdə meydana daxil olduğunu və meydandakı vətəndaşlarla söhbət etdiyini göstərir.


IRNA həmin görüntüləri “İsrailin 12 günlük təcavüzündən sonra general Qaaninin ilk görüntüləri” qeydi ilə paylaşıb.


ABŞ-nin “The New York Times” qəzeti 13 iyun tarixində “adları açıqlanmayan iranlı mənbələrə” istinadən yayımladığı xəbərində, Qüds Qüvvələrinin komandanı general-polkovnik Qaaninin İsrailin İranda həyata keçirdiyi hücumlar zamanı öldürüldüyünü iddia edib.


TRT HABER
Solmaz Muradova