Atəşkəs sakitlikmi, yoxsa fırtınaqabağı səssizlik?-İsrail-İran əlaqələri:

Tarix: 16:49 25.06.2025
İsrailin İrana qarşı həyata keçirdiyi hərbi kampaniyanın hələ bitmədiyi, lakin hazırda diqqətin Qəzza zolağındakı döyüşlərə yönələcəyi bildirilir. İsrail Ordusunun baş qərargah rəisi, general-leytenant Eyal Zamirin sözlərinə görə, ölkə “mühüm mərhələni” başa vurub və qarşıda kampaniyanın yeni fazası gəlir. Bu bəyanat, ABŞ Prezidenti Donald Trampın iyunun 24-nə keçən gecə elan etdiyi atəşkəsin fonunda verilib. İsrail tərəfi İranı atəşkəsi pozmaqda ittiham edib, İran isə bu iddiaları rədd edib. Gərginlik fonunda bölgədəki gələcək siyasi və hərbi proseslər bir sıra suallar doğurur.
Mövzu ilə bağlı “İnformator.az”a danışan politoloq Züriyə Qarayeva bildirib ki, İsrailin İrana qarşı hərbi kampaniyanı davam etdirmək qərarı Tehranı cavab strategiyasını yenidən formalaşdırmağa vadar edir:
“İsrailin birbaşa hərbi hücumları İranın cavab mexanizmlərini sərtləşdirə bilər. Tehranın Livan, Yəmən və İraqdakı proksi qüvvələrə əlavə olaraq birbaşa cavablar verməsi bölgədə daha ciddi müharibə ehtimalını artırır. Bu, artıq ritorikadan çıxaraq real qarşıdurmaya çevrilmək üzrədir”.
Z.Qarayevanın fikrincə, ABŞ-nin vasitəçiliyi ilə elan edilən atəşkəs real sabitlik təmin etməkdən çox, müvəqqəti taktiki fasilə rolunu oynayır:
“Hər iki tərəfin bir-birini atəşkəsi pozmaqda ittiham etməsi bu razılaşmanın davamlı olmasını mümkünsüz edir. İran və İsrailin kompromisə getmək istəməməsi səbəbindən, ABŞ-nin vasitəçiliyi qısa müddətli təsir göstərir. Əgər tərəflərdən biri güc balansında üstünlük əldə etməzsə və ya ABŞ bölgədə daha fəal rol almazsa, davamlı sülh çətin görünür”.
Son günlər İsrailin diqqətini yenidən Qəzza zolağındakı hərbi əməliyyatlara yönəltməsi də İranla gərginliyin səngidiyi anlamına gəlmir. Politoloq bu vəziyyəti belə izah edir:
“İsrailin Qəzzaya yönəlməsi daha çox hərbi resursların bölgələr üzrə çevik bölüşdürülməsi ilə bağlıdır. Yəni bu, İranla qarşıdurmadan imtina yox, sadəcə taktiki fasilədir. Eyni zamanda yeni fazaya keçid üçün hazırlıq mərhələsi kimi də qiymətləndirilə bilər”.
Züriyə Qarayevanın sözlərinə görə, İsrail-İran qarşıdurması artıq regional çərçivəni aşıb və qlobal güclərin də diqqət mərkəzinə çevrilib:
“Bu qarşıdurma təkcə iki dövlət arasında deyil, bütövlükdə Yaxın Şərqin geosiyasi nizamını müəyyənləşdirəcək səviyyədədir. Ona görə də diplomatik təşəbbüslərin uğur qazanması üçün təkcə tərəflərin razılığı deyil, həm də beynəlxalq güclərin koordinasiyalı və davamlı müdaxiləsi vacibdir”.
Solmaz Muradova