Hidayət ilk görüşdə məğlub olub

Tarix: 13:51 25.06.2025
"Cüdo üzrə Dünya Çempionatı Beynəlxalq Cüdo Federasiyasının illik təqvim planına əsasən ən vacib yarışlardan biridir. Bu çempionatda, dünyanın bütün Asossasiyalarından ən güclü perspektivli və potensiallı cüdoçular qatılırlar. Bu vacib Dünya Çempionatında Hidayət Heydərov da iştirak edib. Onun bu çempionatda çıxışı qiymətləndiriləcək qədər davam etmədi, çünki o, ilk qarşılaşmasında gürcü əsilli Portuqaliyanı təmsil edən idmançıya məğlub oldu".
Bu fikirləri idman jurnalisti Fuad Eldarov "İnformator.az"a açıqlamasında bildirib.
Müsahib qeyd edib ki, hər iki ölkənin cüdo məktəbinə nəzər yetirdikdə, istər Avropada, istər Dünyada, həm gürcü cüdosunun, həm də portuqaliya cüdosunun nələrə qadir olduğunu yaxşı bilirik:
"Portuqaliyanı kənara qoysaq, gürcülərin cüdoda necə aktiv, fəal çıxış etdiyini bütün cüdosevərlər yaxşı bilirlər. Hidayət Heydərov məhz ilk görüşündə gürcü əsilli idmançıya məğlub oldu və çıxışını təəssüflər olsun ki, dayandırdı. Hidayət Heydərov 2024-cü ildə Parisdə keçirilən yay Olimpiya oyunlarından sonra tatamiyaya çıxmayıb. 2024-cü ilin sonuna qədər bəzi titullu idmançılar üçün qeyri-vacib statusda hesab oluna biləcək yarışlar keçirilib. Daha çox həmin yarışlara gənc idmançılar qoşulub. 2025-ci ildə ölkəmizdə də keçirilib, böyük dəbilqə, qran-pri yarışları və sairə. O bu tipli yarışlarda iştirak etməyib. Avropa Çempionatında Hidayətin çıxışını gözləyirdik, ancaq o zaman müddətində də idmançı xəstələndiyinə görə qatıla bilmədi. Adı siyahıda yazıldığına görə onun yerinə 73 kiloqram çəki dərəcəsində Rəşid Məmmədəliyev həmin Avropa Çempionatına yollandı və titul ilə də qayıtdı.
Hidayətin çıxışını bir qədər dramatik qəbul etməyək, o bizim Dünya Olimpiya və Avropa Çempionumuzdur. Hətta Avropa Çempionatında 4 dəfə fəxri kürsünün əl yüksək pilləsinə qalxıb, bayrağımızı ucaldıb, dalğalandırıb. Uzun müddətdən sonra onun tatamiyə çıxışı və məğlub olması bizdə bir az dramatikləşdirmə yaratmasın. Çünki bu cüdodur, burada 1 saniyədən az müddətin belə öz hökmü var. Cüdo elə bir idman növüdür ki, burada nizam-intizam, qaydalar çərçivəsində idarə olunur və 1 saniyədən az müddətdə idmançı əgər fəndə düşə bilirsə, artıq bu onun üçün məğlubiyyətə aparan yol ola bilər".
Müsahibimizin sözlərinə görə, həmin görüşdə Hidayət Heydərov "yuko" xalı ilə uduzub:
“ "Yuko" xalı 2025-ci ildən artıq beynəlxalq cüdo yarışlarına yeni əlavə olunub. Bundan əvvəl də var olsa da, Beynəlxalq Cüdo Federasiyası "yuko" xalını bir neçə il idi ki, aradan götürüb. Hidayətin 1 dəqiqədən çox vaxtı var idi, amma ki, rəqib Olimpiya, Dünya və Avropa Çempionunu məğlub etdikdən sonra başa düşüləndir ki, bir az müdafiə sistemli mübarizəyə keçdi, yekunda isə qələbə qazandı.
"Yuko" xalı elə bir xaldır ki, profesional idmançılar 2025-ci ildən bəri bu xalı qazanmaq üçün müəyyən fəndlər üstündə işləməyə başlayıb. Bu yeni qaydalar sistemində Hidayət Heydərovun ilk Beynəlxalq yarışı idi, təəssüf ki, uduzdu. Ancaq hər bir səhv yeni bir dərs çıxarmağa bərabər bir şeydir. Hidayətin məğlubiyyətinin beynəlxalq mövqeyinə heç bir təsiri olmayacaq. İnanmıram ki, Heydərovun beynəlxalq mövqeyinə ciddi bir təsiri olsun.
Bu idmandır, burada məğlubiyyət də, qalibiyyət də, sevinc də, kədər də ola bilər. Yəni bu Çempionatda məğlubiyyəti o demək deyil ki, beynəlxalq nüfuzuna təsir edəcək, əlsa. O, Dünya cüdosunda, Avropada, ümumiyyətlə dünyada, istənilən qitədə tanınan, sevilən və rəğbətlə qarşılanan bir idmançıdır. Onu yaxından tanıyan biri kimi deyə bilərəm ki, o məğlubiyyəti heç sevməyən, həzm etməyən idmançılardandır. Amma qəbul edənlərdən də biridir və bu məğlubiyyəti o qəbul edib. 2026-cı ildə Cüdo üzrə Dünya Çempionatı məhz Bakıda, ölkəmizdə, Milli Gimnastika Arenasında keçiriləcək. Həmin yarışda biz Hidayətdən 2-ci Dünya Çempionluğunu, yəni 2 qat Dünya Çempionluğu gözləyirik. Mən inanıram ki, o səhvlərinin üstündə işləyərək gələcək yarışlara, əsasən də gələn ilki mundiala çox ciddi hazırlaşacaq və qalibiyyət əldə edəcək".
Zəhra Möhübbətova