Ritorikaların fonunda gerçək qələbə kimindir?-İran-İsrail gərginliyi

Bölmə: Siyasət › ,
Tarix: 16:29 25.06.2025

İran Prezidenti Məsud Pezeşkian son çıxışında İsrailin İrana qarşı hərbi kampaniyasının uğursuzluğa düçar olduğunu, “dəhşətli bədəl” ödədiyini bildirib. O, İsrailin əsas məqsədlərinin – nüvə obyektlərini sıradan çıxarmaq, sosial iğtişaş yaratmaq və daxili sabitliyi pozmaq – reallaşmadığını vurğulayıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elşad Həsənov bildirdi ki, bu cür bəyanatlar daha çox daxili auditoriyaya hesablanmış ritorikalardır:


“12 günlük müharibə başa çatdı, atəşkəs elan olundu. Bu isə əsasən ABŞ Prezidenti Donald Trampın təzyiqləri nəticəsində baş verdi. Baxmayaraq ki, atəşkəs bir müddət pozuldu, hazırda vəziyyət nəzarət altındadır. Bu, özü-özlüyündə böyük nəticədir.


Müharibənin nəticələrinə baxdıqda, İran tərəfində 606 nəfər həlak olub, 5 mindən çox insan yaralanıb. İsrail isə 28 itki verib, 1472 nəfər yaralanıb. Hücumların dəqiq sayı hələ də açıqlanmayıb, amma faktlar göz önündədir. Buna baxmayaraq, İran rəhbərliyi bunu ‘qələbə’ adlandırır.


Hətta İsrail Baş naziri Netanyahu bəyan etdi ki, məqsədlərinə çatdılar – İranın əsas nüvə obyektləri sıradan çıxarılıb. Tramp da bu fikri dəstəkləyərək bildirdi ki, İranın yaxın 20-30 il ərzində nüvə silahı əldə etməsi mümkünsüzdür.


İran Prezidenti Pezeşkian isə çıxışında ‘qələbə çaldıq’ deyir və eyni zamanda nüvə proqramından geri çəkilməyəcəklərini bildirir. Bu isə onu göstərir ki, İran rəhbərliyi reallıqlardan nəticə çıxarmayıb. Belə ritorikalar yalnız daxili sabitliyi qorumağa və ictimai narazılığı yatırtmağa xidmət edir.


Hesab edirəm ki, müharibənin sona çatması, atəşkəsin əldə olunması təkcə İran üçün yox, bütün Yaxın Şərq və hətta qonşu Azərbaycan üçün də əhəmiyyətli hadisədir”.


Solmaz Muradova