Azərbaycanda problemli kreditlərin məbləği artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:06 25.06.2025

Azərbaycanda problemli kreditlərin məbləği bu ilin iyunun 1-nə olan göstəricilərə görə 9% artaraq 508,3 milyon manat təşkil edib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, beynəlxalq praktikaya görə kredit portfelində problemli kreditlərin ümumi həcmi 3%-dən yuxarı olanda ciddi bir problem sayılır. Azərbaycanda isə bu həcm hələ o səviyyəyə çatmayıb. Amma tendensiya təhlükəlidir:

 

"Yəni, problemli kreditlərin artım tempi yüksəlib. Bu ondan xəbər verir ki, faizlər çox yüksəkdir, vətəndaşların gəliri azalır. Vətəndaşların gəlirləri azaldıqca kreditlərin ödənməsində problemlər yaşanır. Gəlir azalmasından çox buna sərbəst vəsaitin azalması da demək olar. Çünki qiymətlər çox sürətlə artır. Nəticə olaraq, vətəndaşda sərbəst vəsaitin həcmi azalır. İlkin ehtiyaclarını(kommunal, ərzaq, sağlamlıq və s.) ödəmək məcburiyyətində qalan vətəndaş kredit borcunu ödəyə bilmir. Bundan azad olmağın ən ideal yolu isə faizlərin azalmasıdır. Amma təəssüf ki, yaxın gələcəkdə bunun olacağını düşünmürəm. Ona görə ki, bizdə depozitlər də yüksəlib. 10-15%-lik depozit götürən bank ondan aşağı kredit verə bilməz. Hətta öz xərclərini və gəlirlərini də üzərinə gəldikdə bu 16-17%-ə qədər yüksəlir. Bu tendensiya getdikcə artacaqsa, bank sektorunda müxtəlif çalxalanmalara, dalğalanmalara səbəb ola bilər".

 

Billurə Quliyeva