Rafinya klublararası dünya çempionatından şikayətlənib

Bölmə: İdman › ,
Tarix: 12:53 28.06.2025

"Barselona"nın yarımmüdafiəçisi Rafinya klublararası dünya çempionatının təşkilatçılarını tənqid edib.

"İnformator.az"ın "L'Equipe" nəşrinə istinadən verdiyi xəbərə görə, braziliyalı futbolçu komandaların istirahət etməli olduğu zamanda belə böyük turnirlərin keçirilməsini düzgün hesab etmədiyini deyib:

"Məncə, tətildə olmalıyıq, elə deyilmi? Mən Avropa klubunun futbolçusu kimi danışıram. Tətildən imtina etmək bizim üçün çətindir, çünki buna haqqımız var. Hər kəs ən azı üç həftə və ya bir ay istirahətə layiqdir. Bununla belə, klublararası dünya çempionatının bir çox iştirakçısı bunu edə bilməyəcək. Heç kim futbolçulardan turnir cədvəli ilə razılaşıb-razılaşmadıqlarını soruşmur".

 

"Mən indi tətildəyəm, digər oyunçular da tətildə olmalıdırlar. Onlar Çempionlar Liqasını qazanıblar və titulu qeyd etməyə çətinliklə vaxt tapıblar. Bundan sonra onlar millidə oynayıblar və dərhal fasiləsiz dünya çempionatına yollanıblar", - deyə "Barselona"nın futbolçusu şikayətlənib.

Qeyd edək ki, hazırda ABŞ-də 32 komandanın iştirak etdiyi klublararası dünya çempionatında "Barselona" klubu iştirak etmir.