İranın gizli nüvə obyekti ola bilər

Bölmə: Siyasət › ,
Tarix: 16:51 30.06.2025

Tramp qeyd edib ki, Amerikanın zərbələri nəticəsində İranın üç əsas nüvə obyekti məhv edilib, lakin daha bir naməlum bazaları da ola bilər.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a bildirib ki, Amerika təyyarələrinin İrana endirdiyi zərbələrdən sonra Tramp İranın nüvə proqramının məhv edildiyini və 3 nüvə obyektinin darmadağın edildiyini bəyan edib:

 

"Sonrakı dövrdə biz bu məlumatların həqiqəti əks etdirmədiyini gördük. Tramp İranla bağlı mövqeyində tez-tez dəyişikliklərə yol verir. Çox güman ki, İran başqa nüvə mərkəzlərini Beynəlxalq Atom Enerjisi Agentliyindən də gizlədir və dünyanın bundan xəbəri yoxdur. Trampın bu cür ifadəsi onu deməyə əsas verir ki, belə bir faktın mövcudluğu ehtimalı kifayət qədər yüksəkdir. 12 günlük müharibədə İran kifayət qədər ağır zərbələr aldı. İran özünü müdafiə etmək üçün İsrail ərazisinə raketlər də göndərdi və müəyyən hədəfləri də vura bildi. Amma nisbətə baxdığımızda İsrail İrana daha çox zərbə vurub və hazırda İranın hava məkanı fakt olaraq İsrailin nəzarətində qalmaqdadır".

 

Politoloq həmçinin Trampın bəyanatının kifayət qədər ciddi olduğunu qeyd edib:

 

"O bəyan edib ki, İran heç bir halda nüvə silahına malik olmamalıdır. Bu məsələdə Trampın həssaslığı ciddidir. O İrana zərbə endirməklə əslindəbir mesaj vermiş oldu. Düşünürəm ki, ehtiyac olan təqdirdə bu zərbələr təkrarlana bilər. Tramp İranla bağlı problemlərin danışıqlar yolu ilə həll olunmasına çalışır. Fikrimcə bir formada kompromis yaradıla bilər. Bu güzəşt İranən nüvə silahı yaratmayacağı ilə bağlı öhdəlik götürməklə və İsraili məhv etmə siyasətindən əl çəkməklə ola bilər. Beynəlxalq təşkilatların isə bu prosesdə rolu ciddi rolu yoxdur. Əslində onlar indi amorf təşkilatlar rolundadırlar. Prosesdə şəffaf və obyektiv aparılacağı halda Beynəlxalq Atom Enerji Agentliyinin müəyyən rolu ola bilər".

 

Fatimə Heydərova