“Ukrayna üzrə danışıqların dinamikası ABŞ-dən asılıdır”-Kreml

Tarix: 18:14 30.06.2025
Moskvanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi aydındır, ona görə də prosesin gedişi daha çox Kiyevin davranışından və Vaşinqtonun vasitəçiliyinin effektivliyindən asılıdır.
Mövzu ilə bağlı “İnformator.az”a AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı bildirir ki, zatən əvvəlcədən məlum idi ki, bu savaş Rusiya-Amerika savaşıdır:
“Bunu dəfələrlə fikirlərimdə qeyd etmişəm, bir daha da ifadə edirəm ki, sonunda sülh masasında həm də ABŞ əyləşəcək. Əslində Kreml də bunu istəyir. Tərəf kimi Birləşmiş Ştatları dəfələrlə göstərib. Bir növ “mənim tərəf müqabilim Amerikadır, Ukrayna deyil” mesajı ünvanlayır. Bu fikirlərdə də həqiqət payı az deyil. Çünki, Amerika tərəfi nə zaman sülh üçün yekun qərarı verəcəksə, o tarixi sənəd imzalanacaq. Həm də burada bir məsələ də var. Kreml Zelenskini qeyri-legitim prezident sayır. Seçkili orqan kimi Ukrayna Ali Radasını qəbul edir. Yəni bir ildən çoxdur ki, Ukraynada müharibə səbəbindən prezident seçkiləri keçirilmir. Moskva da bundan istifadə edib, Zelenskinin səlahiyyət müddətinin bitdiyini bəyan edir. Hətta sonunda sülh sənədinə Ukrayna Ali Radası rəhbərinin qol çəkməli olduğunu açıq şəkildə dəfələrlə dilə gətirib. Amma istənilən halda bu bir reallıqdır ki, Amerika sülh sazişinin imzalanması üçün Zelenski iqtidarına təzyiqlər etsə, Ukraynanı buna təhrik etsə, müharibə bitəcək”.
Həmçinin şərhçi qeyd edib ki, doğrudur, burada başqa Avropa ölkələri də söz sahibi olmaq istəyir:
“Məsələn: Fransa, Böyük Britaniya və.s kimi qabaqcıl Avropa dövlətlərinin adlarını çəkə bilərik. Amma əsas söz sahibinin dünyanın bir nömrəli supergücü olan Amerika olduğu hər kəsə məlumdur. Ukraynaya müharibə dövründə ən çox yardımların Vaşinqton tərəfindən edildiyi də dediklərimizin əyani sübutudur. O da bir faktdır ki, Rusiyanın bu müharibədə əsas hədəfi nədir. Düşünürəm ki, indiki şərtlər daxilində sülh əldə olunsa, qismən də olsa Kreml hədəflərinə çatmış olacaq. Ola bilər ki, müəyyən qədər Rusiya güzəştlərə getsin, işğal etdiyi ərazilərin bir qismini geri qaytarmağa razı olsun. Amma o dəqiqdir ki, Krımdan heç bir halda vaz keçən deyil. Üstəlik Donetsk, Luqans, Xerson, Zaporojye kimi böyük əraziləri də bu sıraya qoşmaq olar. Putinin əsas hədəfi Ukraynanı kapitulyasiya sənədinə qol çəkdirməkdir. Amma bu da indiki reallıqlarda mümkünsüz görünür. Çünki, Qərb müttəfiqləri istənilən dəstəyi Kiyevə göstərməsələr də, Ukraynanı tam şəkildə rus pəncəsinə də buraxmazlar. Həm də Ukrayna kimi böyük bir ölkə gələcəkdə də Qərb dünyasına Rusiya qarşısına çıxarılmaq üçün çox mühüm əhəmiyyət daşımaqdadır”.
Aysel Mirzəyeva