I Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılışı olub, Sahibə Qafarova çıxış edib

Tarix: 14:29 01.07.2025
Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib.
"İnformator.az" xəbər verir ki, iki ölkənin qanunverici orqanları rəhbərlərinin və deputatlarının iştirak etdikləri tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova forumun iki ölkənin parlamentləri üçün çox əlamətdar bir hadisə olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu tədbir Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur:
"Bu fakt parlamentlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, ilk növbədə ölkələr və xalqlar arasındakı qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir. Azərbaycan və özbək xalqları bir-birinə ümumi tarixi köklər, milli, mənəvi və mədəni dəyərlərlə sıx bağlıdır. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra münasibətlərimiz məhz bu möhkəm təməl üzərində qurulub və sürətlə inkişaf edib".
Ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, bu gün iki ölkənin liderləri - Prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin müdrik rəhbərliyi ilə dövlətlər hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etməklə yanaşı, ölkələr arasında da əlaqələr daha da dərinləşib.
Azərbaycan-Özbəkistan münasibətlərində digər mühüm məqam kimi Özbəkistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəti və dəyişməz mövqeyini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan xalqı həm ərazilərimizin Ermənistan tərəfindən işğalı illərində, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib.
Forumda çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsi haqqında da fikirlərini bölüşüb:
"Özbəkistanla Azərbaycan arasında münasibətlər həmişə ortaq tarixi, mədəni və mənəvi dəyərlər üzərində qurulub. Bu əlaqələr xalqlarımızın dostluğu, qarşılıqlı hörməti və qardaşlıq hissləri ilə daha da möhkəmlənir".
Parlament sədrlərinin çıxışlarından sonra forum işini sessiyalar üzrə müzakirələrlə davam etdirib.