Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirilib

Tarix: 18:35 01.07.2025
Mədəniyyət naziri Adil Kərimli ilə Azərbaycanda səfərdə olan Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov arasında ikitərəfli görüş keçirilib.
"İnformator.az"ın məlumatına görə, A.Kərimli Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi köklərə əsaslandığını qeyd edib.
O, hazırda iki ölkə arasında mədəni əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və bu istiqamətdə əməkdaşlığın genişlənməkdə olduğunu vurğulayıb.
Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, iki ölkə arasında mədəni əməkdaşlığın hər gün yeni məzmun qazandığını, münasibətlərin davamlı şəkildə dərinləşdiyini qeyd edib.
Görüş çərçivəsində tərəflər mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri, qarşılıqlı layihələr və təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.