MDU-nun Elmi Şurasının iclası Şəkidə keçirilib

Tarix: 11:26 06.07.2025
Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2024/2025-ci tədris ilinə dair yekun və geniş tərkibli iclası ilk dəfə olaraq Şəkidə baş tutub.
"İnformator.az" "24media.az"a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində rektor Anar Eminovun sədrliyi ilə keçirilən iclasda Elmi Şura üzvləri, təşkilati işlər üzrə rəhbərlər və sosial fəallıqları ilə seçilən tələbələr iştirak ediblər. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyularaq, xatirəsi ehtiramla yad edilib.
İclas şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yüksək göstəricilərinə, sosial meyarlara görə seçilən tələbə və magistrantlara təqaüdlər veriləcək.
Rektor Anar Eminov iclasın gündəliyində olan məsələləri diqqətə çatdırıb. Belə ki, o, ali təhsil keyfiyyətinin artırılmasının, tələbəyönümlü işlərin gücləndirilməsinin və sosial dəstək prinsiplərinin genişləndirilməsinin universitetin prioritetləri olduğunu vurğulayıb.
Elmi Şuranın qərarına əsasən, təşkilati işlər üzrə rəhbərlərin yenidən formalaşdırılması və strateji hədəflərin icrası ilə bağlı tapşırıqlar verilib. Yüksək göstəricilərinə və sosial meyarlara görə seçilən tələbə və magistrantlara əlavə və birdəfəlik təqaüdlərin verilməsi qərara alınıb.
İclasda yaz imtahan sessiyasının nəticələri açıqlanıb, növbəti tədris planı üçün təkliflər irəli sürülüb
Sonra Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələrinə dair geniş hesabat təqdim edib. Hesabatda imtahanların təşkili, fakültə və ixtisaslar üzrə statistik göstəricilər ətraflı təqdim olunub.
Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov isə 2025/2026-cı tədris ilinə hazırlıqla bağlı təkliflərini irəli sürüb. O, elektron idarəetmə sisteminin təkmilləşdirilməsi, təcrübə prosesində yeni yanaşmalar və yüksək keyfiyyətli tədris proqramları kimi məsələləri diqqətə çatdırıb.
Təhsil fakültəsinin dekanı Nizami Zeynalov III və IV kurs tələbələrinin MİQ (Müəllimlərin işə qəbulu üzrə müsabiqə) və digər imtahanlara hazırlıq imkanları barədə məlumat verib. O, 2020–2025-ci illər üzrə məzunların nəticələri ilə bağlı statistik göstəriciləri təqdim edərək bildirib ki, məzunların imtahanlara və əmək bazarına daha yaxşı formalaşmış çıxışını təmin etmək üçün universitetdə hazırlıq qrupları, seminarlar, mentorluq dəstəyi və test bazaları yaradılacaq.
Daha sonra MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova 2024/2025-ci tədris ilində tələbə vətənpərvərliyi sahəsində görülən işlər barədə hesabat təqdim edib. Hesabatda şəhid ailələri və veteran tələbələrlə işlər, həmçinin əlamətdar tədbirlər barədə məlumat verilib.
Təqdim olunan hesabat və təkliflər Elmi Şura üzvləri tərəfindən müvafiq tapşırıq və tövsiyələrlə qəbul olunub. İclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.
MDU-da diferensial əməkhaqqı sistemi tətbiq olunacaq
İclasın ikinci gündəm məsələsi kimi MDU-da diferensial əməkhaqqı sisteminin tətbiqi müzakirə olunub. Rektor Anar Eminov bildirib ki, yeni sistem professor-müəllim heyətinin fəaliyyətinə əsaslanaraq ədalətli və stimullaşdırıcı model üzrə hazırlanıb. Sistem əməkhaqlarının obyektiv meyarlarla fərqləndirilməsini və elmi-pedaqoji fəaliyyətin universitetin inkişaf hədəfləri ilə uyğunlaşdırılmasını təmin edir.
Universitetdə Ömürboyu Təhsil Məktəbi yaradılacaq
İclasda MDU-da Ömürboyu Təhsil Məktəbinin yaradılması müzakirə olunub. Rektor müşaviri Ceyhun Mahmudov məktəbin əsas məqsədinin universitetin cəmiyyətlə inteqrasiyasını gücləndirmək və fərdi inkişaf üçün geniş təlim imkanları yaratmaq olduğunu bildirib. Məktəbdə peşə təkmilləşdirmə kursları, Mini MBA proqramları, fərdi inkişaf üzrə təlim və seminarlar kimi müxtəlif fəaliyyətlər planlaşdırılır.
Yeni və daha fərqli əməkhaqqı sisteminin tətbiqi və Ömürboyu Təhsil Məktəbinin yaradılması təklifləri Elmi Şura tərəfindən qəbul olunub.
İclasda yüksək sosial və ictimai fəallıqları ilə seçilən bir qrup məzun, eləcə də 30 iyun 2025-ci il tarixində keçirilmiş "Məzun Günü” tədbirinin təşkilində uğurlu fəaliyyət göstərən MDU əməkdaşları mükafatlandırılıb. Sonda rektor Anar Eminov tədris ilinin başa çatması münasibətilə universitet heyətini təbrik edərək onlara xoş istirahətlər arzulayıb.