İsrail Ordusu Qəzza zolağına sistemli şəkildə zərbələr endirməkdə davam edir

Tarix: 14:47 07.07.2025
Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri quru qoşunları ilə birgə təxminən 130 hədəfə hücum edib. Vurulan hədəflər arasında qarşı tərəfin müxtəlif hərbi infrastruktur obyektləri, o cümlədən komanda məntəqələri, silah anbarları və reaktiv yaylım atəşi qurğuları olub.
Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan "İnformator.az"a açıqlamasında bildirib ki, İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar genişmiqyaslı müharibəyə səbəb olmayacaq:
"Çünki İsrail Qəzza zolağında "HƏMAS" silahlı qruplaşmasının və başqa qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi istiqamətində əməliyyat apardığını bəyan edir. Digər tərəfdən İsrail hesab edir ki, Fələstin onun muxtar bölgəsidir və o ərazidə dövlətin təhlükəsizliyi üçün təhdid var. Bu mövqe region ölkələrini də qane edir. Onlar nə İrailə qarşı çıxış ediblər, nə də Fələstini müdafiə ediblər. Sülh prosesinin bərpası üçün ilk növbədə atəşkəs rejiminə əməl olunmalıdır. Ötən həftə "HƏMAS" ABŞ-nin irəli sürdüyü atəşkəslə bağlı təklifi qəbul etdiyini bildirib. Həmçinin "HƏMAS"a tərksilah olunmaq da təklif olunub. Bu məsələyə hələ razılıq verilməyib. Amma Qəzza zolağında sabitlik üçün əsas şərtlərdən biri "HƏMAS" və başqa silahlı qruplaşmaların bölgədən çıxmasıdır. İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatların başqa ölkələrin bir-biri ilə olan münasibətlərinə ciddi təsir göstərəcəyi gözlənilmir. 2023cü il 7 oktyabrda "HƏMAS" və İsrail arasında müharibə başlayıb və nə müharibənin miqyası genişlənib, nə də ölkələrin İsrailə münasibəti dəyişib".
Fatimə Heydərova