Putin başa düşür ki, mən bunu edə bilərəm-Tramp

Bölmə: Siyasət › ,
Tarix: 15:34 07.07.2025

 

"Bəli, mən sanksiyalar haqqında çox danışıram. Putin başa düşür ki, sanksiyalar qoyula bilər. O, peşəkardır".

 

Bu sözləri ABŞ lideri Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı haqda danışarkən deyib.

 

Eyni zamanda ABŞ prezidenti etiraf edib ki, Putin sanksiyaların öhdəsindən gəlir, lakin Vaşinqtonun tətbiq etdiyi sanksiyalar “dişləyir”.

 

Mövzu ilə bağlı Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp iyulun 3-dəki telefon danışığından sonra Putinə uduzduğunu anlayıb:

 

“ABŞ-nin sabiq Prezidenti Donald Tramp 3 iyulda Rusiya Prezidenti Vladimir Putinlə baş tutan telefon danışığından sonra ona uduzduğunu və bunun dünya ictimaiyyətində müzakirə olunduğunu anlayır. Onun fikrincə, məhz bu səbəbdən Tramp imitasiya xarakterli açıqlamalar verməyə başlayıb.
Hətta bu açıqlamaların Kreml sahibi ilə razılaşdırılması da istisna deyil. Çünki Putinin siyasi təcrübəsində belə hallar mövcuddur. O, özünə yaxın liderlərin hakimiyyətlərini qoruması üçün bəzən onların Rusiyanı və ya şəxsən onu ittiham etmələrinə şərait yaradır. Bu cür gedişlərlə həmin liderlərin daxili auditoriyaya mesaj vermələrinə imkan tanıyır. Trampın hakimiyyətdən getməsinə və ya reytinqinin düşməsinə isə Putin heç vaxt “yaşıl işıq” yandırmaz”.

 

Abbaslının fikrincə, Rusiya artıq sanksiyalara qarşı immunitet qazanıb və bu istiqamətdə ciddi təcrübə formalaşıb:

 

“Rusiya 11 ildən artıqdır ki, sanksiyalar altındadır. Amma bu, ölkə iqtisadiyyatını çökməyə məcbur etməyib, əksinə, daxili iqtisadiyyat daha da güclənib. Ukraynada 3 ildən artıqdır ki, müharibə davam edir, amma buna baxmayaraq, Rusiya iqtisadiyyatı faiz nisbətində artmaqdadır. Bu, çox ciddi məsələdir və dünya liderləri bunun fərqindədir.


Tramp Putinin peşəkarlığını etiraf etməklə bir növ onunla bağlı gerçəkləri qəbul etdiyini göstərir. Putinlə bağlı etiraflardan yayınmağa çalışsa da, onun peşəkarlığını qəbul etdiyini bildirir. Bütün dünya Putinin sanksiyaların öhdəsindən necə gəldiyinə şahidlik edir. Əgər bu belə olmasaydı, biz artıq Rusiyanın çöküşünü görərdik.O, sanksiyaların Rusiyaya təsirsiz keçmədiyini də vurğulayır.Təbii ki, sanksiyalar Rusiyaya müəyyən itkilər hesabına başa gəlir. İqtisadi artım müşahidə olunsa da, bu daha yüksək ola bilərdi. Tramp da məhz bu səbəbdən sanksiyaların Rusiyanı dişlədiyini bildirir. Əlində imkan olsa, o, sanksiyaların ləğvini bu gün belə reallaşdırardı. Lakin yaxşı anlayır ki, bu addım ona çox baha başa gələr. Həmçinin, belə bir qərarın Senat və Konqresdən keçməsi də mümkün deyil”.

 

Avropanın da Rusiyaya münasibətdə tam sərt mövqe sərgiləyə bilmədiyini qeyd edən Abbaslı, enerji asılılığının hələ də real problem olduğunu vurğulayıb:

 

“Avropa ölkələri, xüsusilə də söz sahibi olan bəzi dairələr Rusiyanın tam sıradan çıxmasını istəmir. Çünki bu, enerji təhlükəsizliyinə birbaşa təsir edə bilər. Ona görə də 'Rusiya çökəcək', 'bir neçə yerə parçalanacaq' kimi fikirlər sadəcə illüziyadır”.

Cavanşir Abbaslı əlavə edib ki, yaxın gələcəkdə sanksiyaların aradan qaldırılması real görünmür:

 

“Tramp özü də sanksiyaların davam edəcəyini bəyan edib. Fikrimcə, bu, hələ uzun müddət davam edəcək. Çünki Rusiya Cənubi Osetiya, Krım və digər ərazilərlə bağlı beynəlxalq hüququ pozub. Bu 'yaralar' sağalmadan sanksiyaların götürülməsi mümkün deyil. Rusiya da həmin ərazilərdən geri çəkilməz. Gürcüstan və Ukraynanın isə bu əraziləri geri qaytarmaq gücü çatmaz.

Putin sanksiyalara tab gətirməklə həm də öz lider imicini daha da gücləndirib. Bu proseslə ətrafında olanlarda bir növ xof yaradıb. Eyni zamanda, “güclü lider”obrazını təsdiqləyib. Bu amil isə bir çox beynəlxalq məsələlərin həllində həlledici rol oynayır”.

Ləman Mahmudlu