Həddindən artıq düşünmənin (overthinking) zehni aşınması

Bölmə: Sosial › ,
Tarix: 15:44 07.07.2025

 

Gecə yatmazdan əvvəl beynində fırlanan saysız-hesabsız fikirlər, keçmişdə dediyin bir sözün təkrar-təkrar analiz edilməsi, gələcək haqqında bitməyən ehtimallar… Həddindən artıq düşünmək bəzən insanın öz içində ilişib qalmasına səbəb olur. Zamanla bu hal nəinki gündəlik həyatı, həm də psixoloji tarazlığı sarsıdır. Bir çox insan bunun fərqinə varmadan zehni yorğunluqla mübarizə aparır.

 

Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, bu hal uzun müddət davam edərsə, problem yarada bilər:

 

“Həddindən artıq düşünmək uzun müddət davam edərsə, bunun dəfələrlə təkrar olunduğu görünərsə və uzun müddət duyğulara dalmaq halları baş verərsə, biz o zaman baş verən həmin problemin üzərinə düşüb mütləq bunu həll etməyə, çözməyə çalışmalıyıq. Üzərində düşündüyümüz, araşdırdığımız zaman dərin düşüncələrə dalmaq, uzun-uzun düşünmək, həddindən artıq düşüncəli olmaq stress və depressiyanın ilkin əlamətləri deməkdir. Əgər bir mövzu üzərində tez-tez düşünürüksə, həmin məsələni təkrar-təkrar analiz edir və bu prosesdə nə düşündüyümüzü belə unuduruqsa, eyni mövzunu dəfələrlə danışıb sonra bunu unutmağa başlayırıqsa, gələcəklə və keçmişlə bağlı mənfi ssenarilər qururuqsa və bütün bunları özümüzü yoraraq və incidəcək şəkildə ediriksə, artıq bu hal psixoloji bir problemə- depressiyaya səbəb ola bilər. Tez-tez düşünmək, həddindən artıq dərəcədə düşünmək, ağlımızda yersiz dərəcədə ssenarilər qurmaq və qurduğumuz həmin ssenarilərin içərisində özümüzü itmiş-batmış şəkildə hiss etmək və bir mövzunu dəfələrlə, təkrar-təkrar unudub və yaxud unutmadan düşünmək bizdə artıq psixoloji bir problem olaraq depressiya, stres və bir çox bəzi psixoloji xəstəliklərin yaranmasına səbəb ola bilər. Gələcəklə bağlı düşüncələrin özümüzü yoracaq dərəcədə olması və bunun tez-tez və təkrarlanacaq halda baş verməsi artıq həddindən artıq düşünmənin əlamətləridir.

 

“Overthinking” dediyimiz hal bizim üçün qərar verməkdə çətinlik, diqqət dağınıqlığı yaradır və fikrimizi bir yerə cəmləməyimizə mane olur. Enerji itkisi və diqqət dağınıqlığı yaratmağa başlayır. İşimizin və şəxsi münasibətlərimizin isə dağılmasına və zədələnməsinə gətirib çıxara bilir. Emosional olaraq isə bizdə gərginlik və narahatlıq yaradır. Depressiyanın başlanmasına gətirib çıxara bilər. Özümüzü tənqid edirik və günahlandırmağa başlayırıq. Əvvəlcə neqativ düşüncələrin qarşısına keçmək lazımdır. Çünki neqativ düşüncələr bizim bir mövzunu dəfələrlə düşünüb gələcəklə bağlı neqativ düşüncələrin, gələcək qayğısının yaranmasına gətirib çıxara bilər. Sözsüz ki, bu, münasibətlərimizə və həyatımıza mənfi təsir göstərir”.

 

Psixoloq bu vəziyyətin qarşısını almaq üçün bir sıra tövsiyələr verib:

 

“Bunun qarşısını almaq üçün mütləq dərəcədə bizi inkişaf etdirəcək yollara yönəlməliyik. Az da olsa, günlük beş dəqiqəlik, on dəqiqəlik də olsa bizi inkişaf etdirəcək, bizim ruhumuza yaxşı gələcək məşğuliyyətlərlə fikrimizi dağıtmalıyıq. Bu, idman ola bilər, gəzinti ola bilər, musiqi ola bilər, incəsənətlə bağlı ola bilər və yaxud insanın sevəcəyi bir peşə ilə bağlı məşğuliyyət ola bilər. Məsələn, bir insan üçün gəzinti xoşdursa, sevdiyi insanlarla ünsiyyətdə olub, gəzintilərə çıxa bilər. Həmçinin, öz işi ilə bağlı, gələcək planları ilə bağlı qeydlər aparmaq da həmin insana kömək edə bilər. Ən önəmlisi isə neqativ düşüncələrə “stop” deməyi bacarmalıdır. Bir insan aşırı dərəcədə bədbin düşünürsə, necə deyərlər, bir mövzunu “qarabataq” halına gətirəcək qədər düşünürsə, o, mütləq dərəcədə özünə “stop” deməlidir. Biz özümüzü idarə edə bilmədiyimiz müddətcə bütün düşüncələr bizi idarə etməyə başlayacaq. Əgər bunu özü də bacarmırsa, mütləq dərəcədə bir peşəkara- psixoloqa, nevroloqa və ya psixiatra müraciət edə bilər”.

 

 

Lalə Qurbanlı