Rusiyalılara Qırğızıstan vətəndaşlığının verilməsi dayandırılıb

Bölmə: Siyasət › ,
Tarix: 15:52 07.07.2025

Rusiyalılara Qırğızıstan vətəndaşlığının verilməsi dayandırılıb.

Bu barədə Qırğızıstan pasportu üzrə məsləhətçi Mixail Juxovitski özünün teleqram kanalında bildirib
O qeyd edib ki, yanvarın 24-dən sonra verilən ərizələr üçün pasportlar alına bilməz.

 

Mövzu ilə bağlı politoloq Tural İsmayılov "İnformator.az"a açıqlamasında bildirib ki, Qırğızıstanın rusiyalılara vətəndaşlıq verməsini dayandırmasının kökündə həm daxili təhlükəsizlik narahatlıqları, həm də geosiyasi balans axtarışı dayanır:

 

"Rusiya-Ukrayna müharibəsindən sonra minlərlə rusiyalı Mərkəzi Asiyaya, o cümlədən Qırğızıstana üz tutdu. Bu axın zamanla yalnız sosial yük deyil, həm də siyasi və təhlükəsizlik problemi kimi qəbul olunmağa başladı. Vətəndaşlıq prosesinin dayandırılması dövlətin öz suveren hüquqlarını qoruma cəhdi kimi dəyərləndirilməlidir. Qırğızıstan həm daxili etnik balansı pozmamaq, həm də Rusiya ilə münasibətlərdə müəyyən məsafə saxlamaq istəyir.
Vətəndaşlıq ala bilməyən rusiyalılar üçün yaşamaq, işləmək və hüquqi status əldə etmək daha mürəkkəb və uzun prosedurlarla müşayiət olunacaq. Qırğızıstanda qalmaq istəyən rusiyalılar vizaların, müvəqqəti yaşayış icazələrinin və qeydiyyat prosedurlarının sərtləşməsi ilə üzləşə bilərlər. Bu həm də onların sosial təminat, səhiyyə və təhsil kimi xidmətlərə çıxışına maneə yarada bilər. Əgər bu siyasət uzunmüddətli xarakter alarsa, həmin şəxslərin hüquqi qeyri-müəyyənlik vəziyyətinə düşməsi və ölkəni tərk etməyə məcbur qalması mümkündür.
Qırğızıstanın bu qərarı təkcə Rusiyaya deyil, həm də Qərbə və regional güclərə ünvanlanmış diplomatik siqnaldır. Moskva üçün bu, Qırğızıstanın daha sərbəst və balanslı kurs seçməyə çalışdığının göstəricisidir. Eyni zamanda bu, Qərbə – xüsusilə də ABŞ və Aİ-yə – “biz Rusiya orbitindən tam asılı deyilik” mesajıdır. Çin və Türkiyə kimi regionda marağı olan ölkələr üçünsə bu, Qırğızıstanın geosiyasi manevr qabiliyyətini artırmaq cəhdidir. Ölkə balanslı siyasət yürütməyə çalışır və bu addım həmin balansın praktik təzahürüdür".

 

Fatimə Heydərova