Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar yekunlaşıb-Əmirbəyov

Bölmə: Siyasət › ,
Tarix: 16:15 07.07.2025

Elçin Əmirbəyovun Meksikaya səfəri zamanı bildirib ki, Cənubi Qafqazda dayanıqlı sülh üçün tarixi fürsət yaranıb. Sazişin imzalanmasına əsas maneələrdən biri kimi Ermənistanın konstitusiyasında ərazi iddialarının qalması və Minsk Qrupunun gündəmdə saxlanması göstərilib. O, həmçinin Azərbaycanın Meksika ilə siyasi və iqtisadi əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.


Bu mövzu ilə bağlı açıqlamasında politoloq Əli Zülfüqaroğlu "İnformator.az"a bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün hazırda tarixi bir fürsət mövcuddur:


"Bu fürsətin dəyərləndirilməsi isə regionda sabitlik və inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bu istiqamətdə irəliləmək üçün bir sıra əsas maneələrin aradan qaldırılması zəruridir.


Ən mühüm məqamlardan biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının, xüsusilə də separatçı müddəaların tamamilə çıxarılmasıdır. Bu, sülh sazişinin dayanıqlı və davamlı olmasını şərtləndirən başlıca amillərdəndir. Bu səbəbdən Azərbaycan burada prinsipiallıq nümayiş etdirir və uzunmüddətli təhlükəsizliyin təmin olunması məqsədilə düşünülmüş, uzaqgörən siyasət yürüdür. Yəni, Ermənistan Konstitusiyası dəyişdirilmədən sülh sazişinin imzalanması real görünmür.


Digər vacib məsələ isə ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bu qrupun saxlanılması, əslində, bir sıra xarici güclərin — xüsusilə Rusiya, Fransa və Birləşmiş Ştatların — bölgədəki geosiyasi maraqlarını qorumağa yönəlmiş alət kimi istifadə oluna bilər. Minsk qrupu münaqişənin həlli üçün yaradılmış olsa da, reallıqda onun fəaliyyəti sülhə töhfə verməkdən çox, bölgəyə müdaxilə üçün "dırnaqarası" əsaslar formalaşdırmağa xidmət edir. Bu səbəbdən Azərbaycan haqlı olaraq hesab edir ki, Minsk qrupu rəsmi olaraq (de-yure) ləğv olunmadığı müddətcə, Ermənistan üzərində təzyiqlər davam edəcək və üçüncü qüvvələr danışıqlar prosesinə mənfi təsir göstərmək imkanına malik olacaq.


Azərbaycanın bu kontekstdə Minsk qrupunun ləğvi istiqamətində Ermənistanın konkret addımlar atmasına çalışması da təsadüfi deyil. Əgər bu qrup ləğv edilərsə, prosesə kənar müdaxilələrin qarşısı böyük ölçüdə alınacaq. Bu da sülh sazişinin imzalanması istiqamətində daha aydın və real addımların atılmasına şərait yaradacaq.


Bütün bunlar göstərir ki, Azərbaycanın ortaya qoyduğu iki əsas şərt — Ermənistan Konstitusiyasındakı iddiaların aradan qaldırılması və Minsk qrupunun ləğvi — sülh sazişinin imzalanması üçün həlledici əhəmiyyət daşıyır. Bu şərtlər aydın, konkret və strateji baxımdan əsaslandırılmışdır.


Eyni zamanda, Azərbaycan beynəlxalq arenada da fəallığını davam etdirir. Avropa İttifaqı, region dövlətləri, Birləşmiş Ştatlar və Latın Amerikası ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi paralel olaraq İslam və Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi ölkənin əsas xarici siyasət prioritetlərindəndir və bu istiqamətdə həyata keçirilən strategiya düşünülmüş şəkildə formalaşdırılıb. Nəticədə, bu siyasət Azərbaycanın maraqlarına uyğun olaraq diplomatik dividendlər qazandırır".


Xəlilli Nigar