Rusiya Kiyevə pilotsuz və raket hücumu təşkil edib – çoxsaylı ölən və yaralananlar var

Tarix: 19:37 10.07.2025
Ukraynanın paytaxtı Kiyev Rusiyanın kütləvi hücumuna məruz qalıb. Prezident Volodimir Zelenskinin verdiyi məlumata görə, hücum zamanı azı 2 nəfər ölüb, 16 nəfər yaralanıb. Ümumilikdə 18 raket və 400-ə yaxın pilotsuz uçuş aparatı şəhərə yönəlib.
Ukrayna rəsmiləri bildiriblər ki, pilotsuz təyyarələrin qalıqları yaşayış binalarının üzərinə düşərək bir neçə yanğına səbəb olub. Podilski rayonundakı ilkin tibbi yardım mərkəzi tamamilə dağıdılıb, metro yaxınlığında isə bir qadın və bir polis əməkdaşı həyatını itirib.
BMT-nin İnsan Haqları Monitorinq Missiyasına görə, təkcə iyun ayında Ukraynada 232 mülki şəxs ölüb, 1343 nəfər yaralanıb – bu, son üç ildə ən yüksək göstəricidir.
Zelenski Rusiya tərəfini terroru artırmaqda ittiham edib və beynəlxalq ictimaiyyəti daha sərt sanksiyalar tətbiq etməyə çağırıb. O, əlavə edib ki, hava hücumundan müdafiə vasitələrinin istehsalı üçün əlavə maliyyə dəstəyi barədə danışıqlar aparılacaq.
Rusiya isə hücumla bağlı hər hansı rəsmi açıqlama verməyib.
Digər tərəfdən, ABŞ Ukraynaya silah tədarükünü bərpa edib, Avropa İttifaqı isə Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir. Romada Ukraynanın bərpasına həsr olunan beynəlxalq konfransın gündəmində də bu məsələlərin müzakirəsi gözlənilir.
ABŞ dövlət katibi Marko Rubionun Malayziya sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi də bildirilib.
Xatırladaq ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayıb.
Mənbə: BBC
Türkan Kərimli