Sabiq dövlət başçısı Yoon barəsində yeni həbs qərarı

Bölmə: Dünya › ,
Tarix: 20:03 10.07.2025

 

Cənubi Koreya siyasətində sarsıdıcı bir hadisə baş verib: keçmiş dövlət başçısı Yun Sok Yol (Yoon Suk Yeol), hərbi vəziyyətin elan olunması və bu qərarla bağlı aparılan istintaq çərçivəsində ikinci dəfə həbs edilib.

Seul Mərkəzi Rayon Məhkəməsi, xüsusi prokurorların sübutların gizlədilməsi və qaçma riski ilə bağlı irəli sürdüyü həbs tələbinə müsbət cavab verərək, Yunun yenidən nəzarətə alınmasına qərar verib.

Seul Mərkəzi Rayon Məhkəməsi, xüsusi prokuror Ço Eun-sukun (Cho Eun-suk) müraciəti əsasında Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol (Yoon Suk Yeol) barəsində yeni həbs qərarı çıxarıb.

Məhkəmənin açıqlamasında qeyd olunub ki, Yunun sübutları gizlətmə ehtimalı səbəbilə prokurorluğun təqdim etdiyi həbs tələbi qəbul edilib. Həmçinin vurğulanıb ki, Yun vəzifəyə mane olmaq, prezident səlahiyyətlərindən sui-istifadə və rəsmi sənədlərdə saxtakarlıq kimi əlavə ittihamlarla üz-üzədir. Prokurorluq Yunun qaçma riski daşıdığını da bildirib.

Bu inkişafın ardından Yun saxlanılaraq Seul Mərkəzi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Həbs tələbinin təsdiqlənməsi ilə birlikdə onun Seul Saxlanma Mərkəzində həbsdə qalmağa davam edəcəyi açıqlanıb.

Xatırladaq ki, Yun Sok Yol 3 dekabr 2024-cü ildə müxalifətin dövlət əleyhinə fəaliyyət göstərdiyini iddia edərək ölkədə hərbi vəziyyət elan edib. Bu qərar nəticəsində Milli Məclis onun haqqında impicment (vəzifədən kənarlaşdırma) prosesinə başlayıb.

Prezidentlik səlahiyyətləri dayandırılan və 19 yanvarda həbs edilən Yun, etdiyi apellyasiya müraciətinin qəbul olunması ilə 7 martda azadlığa buraxılıb.

CNN TÜRK
Lalə Qurbanlı