Orta Dəhliz: İmkanlar və Məhdudiyyətlər

Tarix: 21:23 10.07.2025
Azərbaycan və Çin nəqliyyat və logistika sahəsində əməkdaşlığı daha da genişləndirirlər. İki ölkə Bakı–Tbilisi–Qars dəmir yolu dəhlizinin potensialını artırmaq məqsədilə yeni saziş imzalayıb. Bu addım Orta Dəhliz üzərində yükdaşıma imkanlarını gücləndirməyə yönəlib.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, 10 qatar həcmi o qədər də böyük sayılmır:
"Xatırlayıram ki, iki il əvvəl Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin illik ötürmə gücü təxminən 800 min ton idi. Sonradan bildirildi ki, müəyyən işlər görülüb. Məsələn, 2023–2024-cü illərdə bu dəhlizin ötürmə gücünün 5 milyon tona qədər artırılması və gələcəkdə sərnişin daşımalarının təşkili planlaşdırılırdı.Yük daşımaları da nəzərdə tutulan 5 milyon tona çatmayıb. Bu xətt strateji baxımdan çox vacib olsa da, təəssüf ki, onu kifayət qədər yüklə təmin edə bilmirik. Orta dəhlizin effektiv olmamasının səbəblərindən biri də məhz budur.Buna görə də əsas diqqət Zəngəzur dəhlizinə yönəldilib, çünki bu marşrutun daha səmərəli ola biləcəyi düşünülür. Bakı–Tbilisi–Qars da bizim layihəmizdir, ümid edirik ki, Zəngəzur dəhlizi də tezliklə tam bizim nəzarətimizdə olacaq. Amma nəzərə almaq lazımdır ki, Bakı–Tbilisi–Qars dəmir yolu mürəkkəb relyefdən keçir, ilin 12 ayı fasiləsiz işləməyə tam imkan vermir. Dağlıq ərazi və məhdud ötürmə qabiliyyəti səbəbilə yük daşımaları daha uzun vaxt aparır, bu isə Zəngəzur dəhlizi ilə müqayisədə onu daha az cəlbedici edir".
Ekspert həmçinin bunu da bildirib ki, Çinlə yeni müqavilələr bağlanması müsbət haldır:
"Ancaq reallıq odur ki, məsələn, Çindən gələn bir konteynerin dəmir yolu ilə daşınması 7–8 min dollara başa gəlir. Eyni yük İran üzərindən gəldikdə, yəni Çin–Orta Asiya–Bəndər-Abbas marşrutu ilə Azərbaycana çatdıqda bu xərc təxminən 3 min dollar olur.Bu səbəbdən sahibkarlar hələ ki, Orta Dəhlizə ciddi maraq göstərmirlər. Əgər bölgədə müharibə başlayarsa, ya da Qırmızı dənizdə nəqliyyat yolları bağlanarsa, o zaman bu dəhliz alternativ kimi aktuallaşa bilər. Amma hazırda sahibkarlar bu marşruta tələsmirlər, çünki birincisi, bahalıdır, ikincisi isə logistikanın təşkili çətindir və çoxlu maneələr var.Orta Dəhlizin həqiqətən "orta" — yəni əsas regional dəhliz olması üçün hələ çox iş görülməlidir".
Gülhüseynova Güllər