Kreml dialoqu alqışlayır

Tarix: 21:29 10.07.2025
Kreml Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu müsbət qiymətləndirir. Rusiya tərəfi bu cür təmasların regionda gərginliyin azaldılmasına töhfə verəcəyinə inanır. Moskva, vasitəçisiz danışıqları təşviq etməklə tərəflər arasında etimadın qurulmasını dəstəkləyir.
Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, Kreml tərəfindən Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun alqışlanması rəsmi Moskvanın bölgədə baş verən proseslərə münasibətdə taktiki çevikliyini göstərir:
"Bu yanaşma, bir tərəfdən, Rusiya üçün Cənubi Qafqazda nəzarəti tam itirməmək məqsədi daşıyır, digər tərəfdən isə onun bu danışıqlarda əvvəlki əsas vasitəçi statusunu artıq real olaraq itirdiyini dolayısı ilə qəbul etdiyini ortaya qoyur. Rusiya uzun illər boyu Ermənistan-Azərbaycan münaqişəsində əsas moderator kimi çıxış edib və “Moskva platforması” üzərindən öz nüfuzunu qoruyub saxlayırdı. Lakin son dövrlərdə Avropa İttifaqı, ABŞ və indi də BƏƏ kimi oyunçuların prosesə cəlb olunması Rusiyanın vasitəçilik mövqeyini ciddi şəkildə zəiflədib.Rusiya-Ermənistan münasibətlərindəki gərgin fon bu dəstəyi daha da maraqlı edir. Moskva ilə İrəvan arasında son aylarda yaşanan diplomatik soyuqluq, Ermənistanın Qərbə inteqrasiya meyillərinin artması və KTMT-yə qarşı sərt ritorikası Kremlin narahatlığını artırıb. Belə şəraitdə Rusiyanın Ermənistanla Azərbaycan arasında birbaşa təmaslara dəstək verməsi, əslində, proseslərdən kənarda qalmaq istəmədiyinin işarəsidir".
Ekspert həmçinin bunu da bildirib ki, bu, həm də Rusiya üçün danışıqlar formatına dolayı təsir imkanlarını saxlamaq cəhdidir:
"Azərbaycan və Ermənistanın birbaşa danışıqlara üstünlük verməsi isə Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşması prosesini sürətləndirə bilər. Xarici vasitəçilərdən asılılığın azalması, regional güc balansının dəyişməsi və qarşılıqlı məsuliyyətin artması sülhün dayanıqlığı baxımından mühüm perspektivlər açır. Bu proses, eyni zamanda, bölgənin daxili inteqrasiya potensialını gücləndirə, nəqliyyat-kommunikasiya layihələrinin reallaşmasına təkan verə və uzunmüddətli sabitliyə zəmin yarada bilər. Lakin bütün bunların reallığa çevrilməsi üçün tərəflər arasında etimadın bərpası, daxili siyasi iradənin möhkəmliyi və regional güclərin müdaxiləsinin minimuma endirilməsi həlledici olacaq".
Gülhüseynova Güllər