Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub

Tarix: 21:36 10.07.2025
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Xankəndidə ona və onu müşayiət edən nümayəndə heyətinə göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib.
Mövzu ilə bağlı iqtisadi ekspert Pərviz Heydərov "İnformator.az" a açıqlamasında bildirib ki, Pakistan ilə Azərbaycan arasında siyasi əlaqələr olduqca yüksək səviyyədədir və bu özü, digər müsəlman ölkələri üçün nümunə sayılır:
" Lakin Prezident İlham Əliyev qeyd edərkən, bildirib iqtisadi əlaqələr hələ bu siyasi səviyyəyə uyğun gəlmir. Azərbaycanın Pakistanla ticarət dövriyyəsinin həcmi 2012–2015-ci illərdə aşağı səviyyədə idi, sözügedən dövriyyə 2016-cı ildən etibarən mütəmadi artmağa başlayıb. Xüsusiən də 2022-ci ildə Azərbaycanın Pakistanla xarici ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 140,1% artıb və 28,2 milyon ABŞ dolları təşkil edib. 2024-cü il üzrə Pakistanla xarici ticarət göstəricilərinə əsasən, idxal 21,9 milyon ABŞ dolları, ixracı isə 196,7 min ABŞ dolları təşkil edib və 2023 illə müqayisədə idxal 8,6% artsa da, ixrac 97,1% azalıb".
O həmçinin bildirib ki, Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları həcmində sərmayə yatırmaq planı vardır:
" Bu qərar Azərbaycan Prezidentinin Pakistana səfəri zamanı qəbul olunub. İki ölkə arasında ticarət, investisiya, tranzit, kiçik və orta biznesin inkişafı, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensial var. İqtisadi əlaqələrin genişləndirilməsi üçün əsas sahələrdən biri enerji sektorudur və bu sahədə konkret sənədlər imzalanıb. Bundan əlavə, nəqliyyat sektorunda da böyük imkanlar mövcuddur. Eyni zamanda, müdafiə sənayesi sahəsində də, Pakistanın inkişaf edən əczaçılıq sektoru olduğundan, burada da birgə istehsal müəssisələrinin yaradılması planlaşdırılır. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısı kimi tədbirlər Azərbaycan–Pakistan əlaqələrində şübhəsiz ki böyük rol oynamaqdadır".
Ayşən Səlimova