“Çinlə ABŞ-nin münasibətlərinin yumşalması NATO-nun Çinə olan münasibətinə də birbaşa təsir göstərə bilər”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:35 10.07.2025

ABŞ və Çin arasında münasibətlər son vaxtlar yaxşılaşıb və Pekin ticarət sahəsində Vaşinqtona qarşı ədalətli davranır.


Mözvu ilə bağlı “İnformator.az” a politoloq Elçin Xalidbəyli bildirir ki, ABŞ və Çin münasibətlərinin yaxşılaşması bir çox faktorlar üzrə qlobal məkanda daha pozitiv situasiya yarada bilər:

 

“Xüsusilə də hərbi siyasi gərginliyin zəifləməsinə münbit şərait yaranar. Ən əsası isə dünya ticarət dövriyyəsində hər hansı bir çöküş prosesi faktiki olaraq gündəmdən çıxmış olar. Hazırda ABŞ-Çin münasibətlərinin normallaşması dedikdə, Amerika Birləşmiş Ştatları ilə Çin arasındakı iqtisadi, ticari münasibətlərin yenidən normal məcraya yönəlməsi anlaşılır. Çünki Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra Ağ Ev Çinə qarşı bəzi iqtisadi, ticari sanksiyalar tətbiq etməyə cəhd göstərib və bunun da sırasında gömrük rüsumlarının artırılması ön planda yer alıb. Bu da hər iki dövlət üçün ciddi maliyyə itkiləri demək idi. ABŞ-nin bu addımına Çinin adekvat reaksiya verməsi təbii ki, Ağ Evdə narahatlıq doğurdu və Tramp administrasiyası geri çəkilmək məcburiyyətində qaldı. Bundan sonrakı mərhələdə isə hər iki tərəf iqtisadi, ticarət maraqları daha üstün tutdular və siyasi gərginliyi arxa plana keçirərək daha çox iqtisadi əməkdaşlığı və ticari əməkdaşlığı pozmamaq qərarına gəldilər. Bu, hansısa mərhələdə Tayvan böhranının həllinə neqativ və yaxud da pozitiv anlamda təsir göstərə bilər. Çünki Çin həmin bölgəni öz ərazisi hesab edir. Hesab edir ki, Tayvan separatçı bir regiondur və ABŞ-nin dəstəyi ilə qeyri-qanuni dövlət strukturlaşması aparıb. Çin ərazini yenidən öz sərhədləri daxilinə qatmaqda israrlıdır. Amma ABŞ təbii ki, Tayvanı ciddi şəkildə dəstəkləyir. Burada yeganə Tayvan üçün problem yarada biləcək məqam ondan ibarətdir ki, Tramp administrasiyası əsasən ABŞ-nin maraqları dedikdə iqtisadi, ticarət münasibətləri və genişmiqyaslı maliyyə gəlirlərini nəzərdə tutur. Əsas hədəfi də məhz mümkün qədər çox gəlir əldə etməkdir. Bu baxımdan ola bilər ki, Çin də ticarət, iqtisadi münasibətlər o qədər böyük əhəmiyyət daşıya bilər ki, Amerika Birləşmiş Ştatları Tayvan məsələsində nisbətən yumşaq mövqe tutmaq məcburiyyətində qala bilər”.

 

Həmçinin şərhçi qeyd edir ki, bu faktorlar Hind-Sakit okean regionuna da aiddir:

 

“Oradakı geopolitik proseslərə də birbaşa təsir göstərə bilər. Çünki Çinin Hindistandan kifayət qədər ciddi problemləri mövcuddur. Amerika Birləşmiş Ştatları isə Hindistanı dəstəkləyən dövlətlərin sırasında yer alır. Ola bilər ki, Çin Hindistana təzyiq göstərəcəyi təqdirdə ABŞ siyasi dəstək versə belə, Hindistana amma ümumi anlamda nisbətən Hindistana yönəlik mövqeyini Çini qıcıqlandırmayacaq bir çərçivədə saxlaya bilər. Bu da o deməkdir ki, həmin bölgələrdə- Hind-Sakit okean bölgəsində maliyyə, iqtisadi, ticari faktorlar geopolitik proseslərin dəyişiklik istiqamətlərini birbaşa təyin edə biləcək bir məsələdir. Bu baxımdan da Çinə rəqib olan və Çinin hədəfində olan dövlətlər üçün bu, ciddi problemlər yarada biləcək məsələdir. Təbii ki, Çin NATO-nun rəqibləri sırasında yer alır. Çinlə ABŞ-nin münasibətlərinin yumşalması NATO-nun Çinə olan münasibətinə də birbaşa təsir göstərə bilər. Çünki Amerika Birləşmiş Ştatları təmsil olunduğu hərbi alyansların avanqard qüvvəsidir və istənilən halda ABŞ-nin maraqları, onun mövqeyi həmin hərbi alyansların prioritetlərinə birbaşa təsir göstərir. Bu baxımdan hesab etmək olar ki, ABŞ-nin təmsil olunduğu hərbi alyanslar da istənilən halda ABŞ-Çin münasibətləri yumşalacağı təqdirdə münasibətlər münasibətini tamamilə nisbətən fərqli keyfiyyətə keçirə bilər”.


Aysel Mirzəyeva