Livan prezidenti ABŞ səfiri ilə Hizbullahı müzakirə edib

Bölmə: Siyasət › ,
Tarix: 21:53 10.07.2025

 


"Al Arabiyya” kanalına istinadən xəbər verilir ki, tərəflər Hizbullahın tərksilah edilməsi ilə bağlı plan ətrafında fikir mübadiləsi aparıblar.

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Hizbullahın tərksilah edilməsi olduqca çətin məsələdir:

 

"Hizbullahın tərksilah edilməsi olduqca çətin məsələdir. Onların əsas gücü 20 mindən artıq silahlı üzvünün olmasıdır. Doğrudur, İsrail aviasiyası tərəfindən onların raket bazaları və cəbhəxanalarının bir qismi dağıdılıb. Lakin Hizbullah əlində qalan bütün imkan və vasitələri indi böyük diqqətlə qoruyur.Çoxları Hizbullahı Livan şiələrinin proksisi adlandırsa da, əslində, onlar sadəcə xarici təsirin aləti deyillər. Livan dövlətinin quruluşu İkinci Dünya Müharibəsindən sonra Fransa tərəfindən müəyyən edilmişdi. O dövrdə ölkədə əhalinin sayına əsasən maronit xristianlar üstünlük təşkil edirdi və onlar qanunverici hakimiyyətin rəhbərliyinə gətirilmişdi. Daha sonra sünnilər icraedici orqanlara rəhbərlik edirdilər, şiələr isə parlamentin idarəsinə təhkim olunmuşdular. Lakin illər keçdikcə demoqratik vəziyyət dəyişib, indi şiələr həm maronitləri, həm də sünniləri sayca üstələyirlər. Belə bir şəraitdə Livan hökumətinin Hizbullahı zorla tərksilah etməsi ölkədə yeni bir vətəndaş müharibəsinin başlanmasına səbəb ola bilər. Bu da 1970-ci illərdə baş vermiş dəhşətli vətəndaş müharibəsinin təkrarına çevrilə bilər. Çünki Hizbullahın dayağı olan Livan şiələri əsasən cənub bölgəsində, öz məkanlarında yerləşirlər və ciddi müqavimət göstərə bilərlər. Onlar nə şimala, nə qərbə, nə də şərqə hərəkət edirlər. Əsasən Beyrutun cənubunda yerləşən və “Dəhiyyə” adlanan ərazini özlərinə məkan sayırlar. Bu bölgədə həmişə şiələr yaşayıb. Məhz bu səbəbdən İsrail aviasiyası Dəhiyyəni dəfələrlə və şiddətli şəkildə bombalayıb.

 

Hazırda Livan hökumətinin bu məsələyə birbaşa müdaxilə edə biləcəyinə inanmaq çətindir. Əlbəttə, diplomatik səviyyədə, danışıqlar çərçivəsində məsələ müzakirə olunur və rəsmi Beyrut Hizbullaha müəyyən tələblər irəli sürüb. Lakin bu, ikinci dərəcəli məsələdir. Əsas sual budur ki, Hizbullah həmin tələblərlə razılaşacaqmı? Hizbullah İsrail lideri Həsən Nəsrullahın yaşadığı əraziyə və bunkerinə 80 tonluq bombalarla hücum edərək çox sayda insanın həyatına son qoyub. Livanda bu hadisə “özünəməxsus soyqırım siyasətinin təzahürü” kimi qiymətləndirilir. Hizbullah isə bildirir ki, bu heç vaxt unudulmayacaq və bağışlanmayacaq, biz bunun əvəzini çıxırıq.
Qeyd edək ki, bu hücum zamanı yalnız şiələr deyil, sünnilər və maronitlər də həyatını itirib. Bu səbəbdən də mövzu son dərəcə həssasdır. Hazırda bölgədəki vəziyyəti nəzərə alsaq, görərik ki, İsrail Qəzzada çox dəhşətli hadisələr törədir. Uşaqlar başından, kürəyindən vurularaq qətlə yetirilir. Belə bir şəraitdə, əksinə, İsrailə qarşı müqavimət cərəyanı yenidən güclənməkdədir.
Bölgədən kənarda da vəziyyət dəyişir. Avropa ölkələrində yəni, İspaniya, İtaliya, Almaniya və digər aparıcı dövlətlərdə Fələstinlə həmrəylik nümayiş etdirən kütləvi aksiyalar keçirilir. İnsanlar Fələstinin azad olunmasını tələb edir. BMT-nin bu məsələ ilə bağlı qərarı da var, bildirir ki, Fələstin dövləti yaradılmalıdır. Lakin İsrail buna qarşı çıxır və bu prosesin qarşısını almağa çalışır.


Hazırda qlobal səviyyədə ictimai rəy uğrunda ciddi mübarizə gedir və bu rəy getdikcə daha çox Fələstinlilərin və hüquqları pozulanların xeyrinə formalaşır. Bu isə İsraili narahat etməyə bilməz.İsraildə praqmatik düşünənlər, solçu qüvvələr və müharibəyə qarşı olan pasifistlər tələb edirlər ki, baş nazir Benyamin Netanyahu daha sağlam və balanslı siyasət yürütsün. Lakin görünən odur ki, ölkədəki sağçı və ultrasionist təzyiqlər nəticəsində rəsmi Tel-Əviv bu müharibəni sonadək davam etdirməyə qərarlıdır. Bu müharibəni sona qədər aparmaqla bağlı Netanyahunun uğur perspektivləri çox qeyri-müəyyən və şübhəli görünür. Hazırda onun əsas ümidi ABŞ-dən ala biləcəyi dəstəyə bağlıdır. Əsas sual odur ki, Amerika bu prosesdə hərbi gücü ilə birbaşa iştirak edəcəkmi, yoxsa sadəcə dəstək verəcək? Bu, olduqca vacib məsələdir. 12 günlük müharibədən sonra artıq İranda İslam Keşikçiləri Korpusunun rəhbəri yerüstü əməliyyatların gündəmə gətirilməsi ilə bağlı bəyanat verib. Qərb mətbuatı bu barədə məlumat yayıb və rəsmi Tehran bunu təkzib etməyib. Bu isə bölgədə yeni bir siyasi və hərbi konfiqurasiyanın formalaşmaqda olduğunu göstərir, həm də İsrailə qarşı yönəlmiş güclərin aktivləşdiyini.Bu vəziyyətdə Tehran yaranan tarixi fürsəti əldən vermək istəmir. İranın bu prosesə birbaşa qoşulub-qoşulmayacağı məlum deyil, lakin onun bölgədəki təsir gücünə malik qrupları Hizbullah, İzzəddin əl-Qassam briqadaları, husilər və s. kifayət qədər hazırlıqlı və müəyyən potensiala malikdirlər. Bu gərgin fon qarşısında rəsmi Təl-Əviv də düşünməlidir ki, bu eskalasiyanı davam etdirmək İsrail üçün nə dərəcədə faydalı və məqsədəuyğundur. Hazırda İsrail hökumətində yer alan ultrasionist siyasətçilər, o cümlədən Betzalel Smotrich açıq şəkildə bildirirlər ki, geriyə dönüş yoxdur və onların məqsədi Qəzzanı, həmçinin Qərb Sahilini tamamilə ələ keçirməkdir. Bu isə son dərəcə təhlükəli və ikiüzlü bir planın göstəricisidir. İsrailin bu cür aqressiv mövqeyi artıq onun rəqiblərinə də siqnal verir ki, əgər rəsmi Təl-Əviv bu xətti davam etdirərsə, ona qarşı daha sərt addımlar atıla bilər. Mövcud vəziyyətin nə qədər ciddi olduğunu göstərən faktlardan biri də İsrailin 21 strateji obyektinin raket zərbələri nəticəsində dağıdılmasıdır. Bu obyektlər arasında neft bazaları, limanlar, ordu qərargahları və silahlı qüvvələrin birləşmələrinin yerləşdiyi ərazilər də var. Qərb mənbələrinə görə, çoxlu sayda insan həyatını itirib və hətta kütləvi məzarlıqlar salınır. İsrailin hava hücumundan müdafiə sistemi bir çox raketi zərərsizləşdirsə də, hipersəsli və süni intellektlə idarə olunan raketlər ciddi dağıntılar törədib. Belə bir durumda ən məntiqli və doğru addım müharibənin dərinləşdirilməsi yox, əksinə, dialoqa və barışığa getmək olardı".

 

Səmayə Səftərova