Ukrayna, Aİ-nin rouminq zonasına qoşulur

Tarix: 17:38 15.07.2025
Avropa İttifaqına (Aİ) üzv ölkələr, Ukraynanı 2026-cı ilin əvvəlindən etibarən Aİ daxilində tətbiq olunan və mobil operatorların digər üzv ölkələrin abunəçilərindən rouminq haqqı almadığı rouminq zonasına daxil etmək qərarı verib.
Aİ Komissiyası Aİ Şurasında Ukraynanın 1 yanvar 2026-cı ildə Aİ rouminq zonasına daxil edilməsinə dair tənzimləmə təklifinin qəbul edildiyini açıqlayıb.
Açıqlamada bildirilib ki, Ukraynanın Aİ rouminq zonasına daxil olması ilə 27 Aİ ölkəsində Ukrayna mobil nömrələri ilə əlavə ödəniş olmadan zəng etmək, mesaj göndərmək və mobil internetdən istifadə etmək mümkün olacaq. Eyni hüquqlar Ukraynada olan avropalı vətəndaşlara da şamil ediləcək.
Aİ-də mobil operatorların abunəçilərdən rouminq haqqı almamasını təmin edən qayda 2017-ci ildən qüvvəyə minib. Beləliklə, Aİ daxilində istənilən ölkənin mobil operatoruna abunə olan istifadəçi, digər Aİ ölkəsinə səyahət etdikdə, öz tarif və müqaviləsi əsasında əlavə ödəniş etmədən zəng edə, mesaj göndərə, internetdən istifadə edə bilir.
TRT XƏBƏR
Nuray Əliyeva