Aİ-dən uşaqlar üçün rəqəmsal yaş təsdiqi addımı

Tarix: 17:43 15.07.2025
Fransa da daxil olmaqla bəzi Avropa İttifaqı (Aİ) ölkələri, uşaqları onlayn mühitin zərərli məzmunlarından qorumaq məqsədilə yeni yaş təsdiqi tətbiqini həyata keçirməyi planlaşdırır.
Avropa Komissiyası, uşaqların, yeniyetmələrin onlayn mühiti təhlükəsiz və hüquqlarını qoruyan şəkildə təcrübə edə bilmələri üçün apardığı işlər çərçivəsində bəzi üzv ölkələrdə yeni bir tətbiqin işə salınacağını açıqlayıb.
Komissiyanın verdiyi mətbuat açıqlamasında, internet istifadəçilərinin yaşlarını yoxlayaraq uşaqların zərərli məzmunlara çıxışını məhdudlaşdırmağı hədəfləyən yeni tətbiqin ilk olaraq Fransa, Danimarka, Yunanıstan, İspaniya və İtaliyada sınaqdan keçiriləcəyi bildirilib.
Açıqlamada qeyd olunub ki, yeni tətbiq istifadəçilərə 18 yaşdan böyük olduqlarını sübut etməyə imkan verəcək. Lakin bunun üçün real yaş və şəxsiyyət məlumatlarını paylaşmaq tələb olunmayacaq. Eyni zamanda bu sistem platformaların istifadəçilərin baxdığı məzmunları izləməsinin qarşısını alacaq.
Tətbiqin xüsusilə böyüklərə yönələn məzmunlar təqdim edən və uşaqlar üçün yüksək risk daşıyan platformalarda məcburi olacağı və ölkələrin öz şəraitlərinə uyğunlaşdırıla biləcəyi vurğulanıb.
TRT XƏBƏR
Nuray Əliyeva