Avropa müdafiə sənayesi büdcədən 100 milyard avro tələb edir

Tarix: 19:37 15.07.2025
Avropa müdafiə sənayesi Avropa Komissiyasından 2028–2034-cü illəri əhatə edəcək növbəti uzunmüddətli büdcədə müdafiə üçün ən azı 100 milyard avro ayırmağı tələb edir.
Sənaye nümayəndələri bu rəqəmin Avropanın hərbi imkanlarını gücləndirmək üçün minimum olduğunu bildirir və ümumilikdə müdafiə və təhlükəsizlik sahələrinə 150 milyard avro ayrılmasını istəyirlər. Mövcud büdcədə (2021–2027) bu sahəyə cəmi 13 milyard avro ayrılıb.
Yeni təklif edilən Avropa Rəqabət Qabiliyyəti Fondu (ECF) müdafiə, kosmos və texnologiya sahələrini əhatə edən 14 maliyyə xəttini birləşdirəcək. Eyni zamanda, Avropa Komissiyası Kənd Təsərrüfatı və Regional İnkişaf siyasətlərini birləşdirərək daha çevik maliyyə çərçivəsi yaratmağı planlaşdırır.
Sənaye təmsilçiləri əlavə olaraq 40–60 milyard avronun kosmik layihələrə, 23.5 milyard avronun isə mülki aviasiyaya ayrılmasını təklif edir. Komissar Andrius Kubilius bildirib ki, yalnız mövcud kosmik sistemlərin saxlanılması belə 17 milyard avrodan çox vəsait tələb edir. Əks halda, 2035-ci ilə qədər Avropa strateji muxtariyyətini riskə ata bilər.
Euronews
Billurə Quliyeva