Fransa varlılara qarşı vergi yükünü artıracaq

Tarix: 20:41 15.07.2025
Fransa hökuməti 2026-cı ildə büdcə kəsirini azaltmaq məqsədilə ən varlı vətəndaşlar üçün vergi dərəcələrini artırmağa hazırlaşır. Bu barədə baş nazir Fransua Bayrou BFMTV-yə açıqlamasında bildirib.
Baş nazir vurğulayıb ki, hökumət "kim az qazanırsa, az verir, kim çox qazanırsa, çox verir" prinsipinə əsaslanacaq. Bu çərçivədə "ən yüksək gəlirlər üçün həmrəylik töhfəsi" adlı yeni vergi tətbiq olunacaq.
Bayrou əlavə edib ki, pensiyalar və digər sosial müavinətlər 2025-ci illə müqayisədə artırılmayacaq və inflyasiyaya uyğun indeksləşdirilməyəcək.
Hökumətin gündəmində əlavə maliyyə mənbələri də yer alır. Belə ki, Pasxa bazar ertəsi və 8 May – Qələbə Günü kimi iki rəsmi bayramın iş günü elan edilməsi təklif olunub. Baş nazirin sözlərinə görə, bu addım dövlət büdcəsinə milyardlarla avro əlavə gəlir gətirə bilər. O, digər alternativlərin də nəzərdən keçirildiyini bildirib.
Mənbə :Caliber
Aytən Ağazadə