Sevenoaks dəmir yolu vağzalında liftlər yenidən qurulacaq

Tarix: 22:02 15.07.2025
Kentin ən işlək dəmir yolu stansiyalarından biri olan Sevenoaksda liftlərin əsaslı şəkildə yenidən qurulmasına start verilir. “Southeastern” şirkətinin yaydığı məlumata görə, çərşənbə axşamı başlayacaq təmir işləri mövcud liftlərin etibarsız vəziyyətə düşməsi səbəbindən həyata keçirilir.
Layihə, stansiyalarda əlçatanlığı yaxşılaşdırmaq və dəmir yolu şəbəkəsinin müasirləşdirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı investisiya proqramının bir hissəsidir. Tam iş planının 2026-cı ilin martına qədər başa çatdırılması nəzərdə tutulur.
Yenidənqurma işləri müddətində stansiya açıq qalacaq, lakin addımsız giriş məhdudlaşdırılacaq. Bu səbəbdən sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmaq tövsiyə olunur.
“Southeastern” şirkətinin əməliyyat direktoru David Davidson bildirib ki, işlərin müvəqqəti narahatlıqlar yaratdığını anlayırlar, lakin bu yenidənqurma sərnişinlərə, xüsusilə də hərəkət məhdudiyyəti olan şəxslərə daha rahat xidmət göstərilməsinə imkan verəcək.
Liftin yenilənməsi iki mərhələdə həyata keçiriləcək: birinci mərhələ oktyabrın əvvəlində, ikinci mərhələ isə gələn ilin martında başa çatacaq.
Mənbə: BBC
Türkan Kərimli