Yaponiya ABŞ-yə böyük investisiya edəcək

Tarix: 21:29 23.07.2025
Yaponiya ABŞ ilə imzalanmış saziş çərçivəsində Amerika iqtisadiyyatına 550 milyard dollar investisiya qoyacaq. ABŞ prezidenti Donald Tramp bu addımın ölkəyə böyük mənfəət gətirəcəyini və qarşılıqlı ticarət əlaqələrinin genişlənəcəyini bildirib.
Mövzu ilə bağlı liberal iqtisadçılar mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli "İnformator.az"a açıqlamasında bildirib ki, Yaponiya və Amerika hər ikisi dünyanın texnologiya nəhəngləridir və nou-hau bazarının aktiv iştirakçılarıdır:
"Düzdür, Yaponiya son illər bu məsələdə bir qədər kölgədə qalır. Yaponiyanın satışları və ixracatı o qədər də gündəmdə deyil. Amma buna baxmayaraq, Yaponiya dünya bazarında, xüsusilə də nou-hau sahəsində söz sahibidir.Amma bilirsiniz ki, Yaponiyada torpaq məhduddur. İqlim şəraiti də kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan vermir. Ona görə də Yaponiya Amerika iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatına investisiya qoymaqda maraqlıdır. Mən hesab edirəm ki, bu investisiyanın böyük əksəriyyəti məhz Amerikanın kənd təsərrüfatına yönələcək.
Amerikada kənd təsərrüfatı sahəsinin həm tarixi, həm də parlaq ənənələri var. Lakin son illər bu sahəyə maraq azalıb, Amerika fermeri bir qədər tənbəlləşib. Amma indi Yaponiyadan gələn yeni investisiyanın Amerika kənd təsərrüfatına yeni nəfəs verəcəyini düşünürəm. Bu proses nəticəsində həm Amerikanın kənd təsərrüfatı inkişaf edəcək, həm də Yaponiyanın kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində mühüm irəliləyiş olacaq. Yəni bu investisiyada əsasən udan tərəf, iqtisadi və maddi baxımdan, ABŞ olacaq. Çünki əslində Yaponiya Amerikadan kənd təsərrüfatı məhsulları idxal edəcək, bununla da ölkənin daxili tələbatını ödəyəcək. Bu həm Yaponiya üçün faydalıdır, həm də Amerikanın fermerlərinin stimullaşdırılmasına və onlara investisiya qoyulmasına səbəb olacaq.
Eyni zamanda, Prezident Trampın sosial şəbəkədəki açıqlamasına görə, Amerika Yaponiyaya avtomobil də ixrac edəcək. Çox güman ki, bu avtomobillər spesifik olacaq. Bildiyiniz kimi, Yaponiyanın avtomobil şirkətləri dünya bazarında ciddi oyunçulardandır. Mən güman etmirəm ki, adi sərnişin avtomobilləri ixrac olunacaq. Bu, daha çox spesifik avtomobillər olacaq. Məsələnin digər tərəfi isə odur ki, son illər Amerikanın avtomobil sənayesi dünya bazarından sıxışdırılır. Artıq bu sövdələşmə, bu müqavilə Yaponiyanın avtomobil seqmentinin bir hissəsinin ABŞ-yə verilməsi ilə nəticələnəcək.
Nəticə etibarilə, bu iki ölkə arasında iqtisadi bağlar güclənəcək, ticarət dövriyyəsi genişlənəcək. Yaponiyaya ixracatın hansı rüsumlarla həyata keçiriləcəyi hələ dəqiq bilinmir. Bu, Yaponiyanın daxili maraqlarına uyğunlaşdırılacaq. Məqsəd — məhsulların ucuz başa gəlməsi üçün ABŞ-dən idxalda rüsumların aşağı olmasıdır.
Yaponiyanın ABŞ-yə ixracatı üzrə rüsum artıq elan edilib — 15 faiz. Bu, elə də yüksək rüsum deyil. Çünki ABŞ-də minimum idxal rüsumu 10 faizdir. İndi Yaponiyaya 15 faiz tətbiq olunur. Ola bilsin ki, gələcəkdə bu rüsum bir qədər də aşağı salınsın. Çünki Yaponiyadan Amerikaya ixracat o qədər də geniş spektrə malik deyil. Bu əqd, hər iki ölkə arasında əlaqələrin güclənməsinə, ticarət dövriyyəsinin genişlənməsinə və hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək".
Xəlilli Nigar