Yaşıl enerji erası:-Dünya neftdən günəşə keçir

Tarix: 22:27 23.07.2025
Dünya enerji sistemi dönüş nöqtəsinə çatıb. BMT-nin yeni hesabatına görə, günəş və külək enerjisi artıq təkcə alternativ deyil, aparıcı enerji mənbəyinə çevrilmək üzrədir. 2024-cü ildə qlobal elektrik istehsalının 74%-i məhz bu təmiz mənbələrdən təmin olunub. Günəş panelləri, külək turbinaları və elektromobillər yeni dövrün simvollarına çevrilir.
Mövzu ilə bağlı Ekoloq Ənvər Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, ümumi tendensiyaya əsasən, günəş enerjisi daha çox quru subtropik iqlim qurşaqlarında, sonra isə mülayim iqlim qurşağının bəzi hissələrində üstünlük təşkil edir:
"Azərbaycan isə bu baxımdan həm subtropik, həm də mülayim iqlimə malik olduğu üçün əlverişli mövqedədir. Burada külli miqdarda günəş enerjisi potensialı mövcuddur. Əgər biz bu enerjidən düzgün istifadə edə bilsək, istehsal gücümüzü 70 faizə qədər artırmaq mümkündür. Lakin təəssüf ki, burada müəyyən problemlər var. Bildiyiniz kimi, günəş enerjisindən istifadə torpaq baxımından müəyyən çətinliklər yaradır. Xüsusilə də adambaşına torpaq ehtiyatı az olan ölkələrdə böyük sahələrin günəş panellərinin altına verilməsi əlavə risklər doğurur. Bu panellər qiymətli materiallarla (məsələn, palladiumla) işləyir, bahalıdır, üstəlik utilizasiya mərhələsi də əlavə yük yaradır.
Bu səbəbdən düşünürəm ki, ölkəmiz bu riskləri qabaqlamalı, bəzi texnoloji komponentləri özündə istehsal etməyə başlamalıdır ki, bu da maya dəyərinin aşağı salınmasına kömək edə bilər. Həmçinin alternativ texniki yanaşmalar da mövcuddur. Məsələn, əgər panelləri təxminən 3 metr hündürlüyə qaldıra bilsək, onları avtomatik təmizləmə sistemləri ilə təchiz etsək – texniki baxımdan bu mümkündür – o zaman onların altında torpaqdan da istifadə etmək olar. Bu sahədə birillik və ya çoxillik ot bitkiləri, habelə alçaqboylu meyvə ağacları əkilə bilər. Bu ideya üzərində düşünməyə dəyər. Çünki Azərbaycanın torpaq ehtiyatlarının böyük bir hissəsi ya işğal altında olmuş, ya da minalanmış ərazilərdir. Digər hissəsi isə – xüsusilə Kür-Araz ovalığı – şoranlaşmış torpaqlardan ibarətdir. Belə bir durumda hər qarış torpaqdan səmərəli istifadə zərurətə çevrilir.
Bununla yanaşı, gələcəkdə hansı ölkələrin bu sahədə lider olacağı da diqqət çəkən məqamdır. Bu sahədə üstünlük qazanan ölkələr enerji təminatında, maliyyə və siyasi güc balansında önə çıxacaq. Onların iqtisadi vəziyyəti, həyat səviyyəsi yüksələcək və bu da böyük güc mərkəzləri ilə rəqabətə, bəzən isə münaqişələrə səbəb ola bilər. Azərbaycan bu baxımdan da strateji mövqeyə malikdir. Xəzər sahillərində, Bakı ətrafında və şimal bölgələrdə küləkli hava şəraiti hökm sürür. Burada həm günəş, həm də külək enerjisi mövcuddur. Eyni zamanda ölkənin bəzi adalarında da enerji istehsalı üçün yaxşı potensial mövcuddur. Bəzi isti ölkələr isə bu imkanlardan istifadə edərək artıq enerji ixrac etməyə, gəlir əldə etməyə başlayıblar. Bu isə onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır. Bu sahədə uğur qazanmaq üçün əsas şərt – yüksək intellekt, texnoloji hazırlıq və resurslardan maksimum səmərəli istifadədir.
Sonda qeyd etmək istərdim ki, bu məsələlər yalnız texnologiya və innovasiya ilə həll oluna bilər. BMT-nin enerji, siyasi, ekoloji və iqtisadi baxımdan yanaşmaları bu prosesdə əsas rol oynayır. Müasir texnologiyalar vasitəsilə hər kilokalori günəş və külək enerjisindən maksimum istifadə etməyə nail olmaq mümkündür. Əgər bu bacarıq formalaşarsa, o zaman iqtisadi cəhətdən çoxsaylı problemlərin həllinə imkan yaranacaq. Yeganə yol – elmə əsaslanan iqtisadiyyatdır. Çünki bəşəriyyətin gələcəyi elmlə, texnologiya ilə və bu biliklər üzərində qurulan iqtisadi sistemlə formalaşacaq".
Xəlilli Nigar