Ukrayna və Rusiya prezidentlərinin mümkün görüşü: Sülh üçün yeni mərhələ

Tarix: 23:11 23.07.2025
Ukrayna nümayəndə heyəti İstanbulda Rusiya tərəfi ilə danışıqlar zamanı Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında görüşün keçirilməsi mümkünlüyünü müzakirə etməyi planlaşdırıb. Bu barədə “RBK-Ukrayna” mənbələrə istinadən bildirib. “Əsas mövzu liderlərin görüşü ilə bağlıdır. Nümayəndə heyətimiz ora buna görə gəlib”, – mənbə deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Fuad Həsənov bildirib ki, Zelenskinin Putinlə görüşlərinin baş tutması ilə bağlı bir çox təşəbbüslər olub:
"Təəssüf ki, Putin bu görüşlərə şəxsən qatılmayıb. Baş tutan görüşlərin nəticələrinə nəzər salsaq, əsirlərin dəyişdirilməsi və bir neçə məsələ istisna olmaqla, ciddi dönüş nöqtəsi qeydə alınmayıb. Rusiyanın Ukraynaya təcavüzü fonunda görüşlər ciddi nəticələr verməyib. Müttəfiq Qərb ölkələri Rusiyanın siyasətindən tam narazı qalıblar. Rusiya-Ukrayna görüşünün diplomatik mərhələyə keçid ehtimalı baş verə bilər. Bu cür yüksək səviyyəli təmas regionda sabitliyə səbəb ola bilər. Bu nəticə görüşün necə keçməsindən asılıdır. Əvvəlki görüşlərin də o qədər əhəmiyyəti olmayıb. Məsələn, Ağ Evdə Tramp və Zelenskinin görüşünü göstərmək olar. Bu görüşdən sonra Zelenskinin planları tamamilə pozulub. Sülh danışıqları üçün bu, bir siqnal ola bilər. Vasitəçi ölkələr üçün bu görüş təşviqedici bir addım sayıla bilər. Görüş nə qədər Ukrayna və Rusiya arasında baş versə də, Türkiyə və Çin kimi ölkələr üçün də təşviqedici amil ola bilər. Hərbi əməliyyatların məhdudlaşdırılması istiqamətində addımlar atıla bilər. Görüşdə humanitar məsələlərə üstünlük verilməsi daha praktiki addımlara yol açacaqdır. Qlobal təsirlər də kifayət qədər ciddi şəkildə özünü göstərib. Ölkə liderlərinin təması beynəlxalq səviyyədə də əhəmiyyətli nəticələrə səbəb ola bilər. Əgər görüş baş tutsa, müzakirə olunacaq məsələlər çox olacaq. Ukraynanın ərazi bütövlüyü və Krımın statusu ən vacib mövzulardan olacaq. Zelenski hər zaman deyib ki, Ukraynanın ərazi bütövlüyündən vaz keçmək mümkün deyil. Lakin bu çərçivədən kənar sülh sazişi imzalamağa hazır ola bilərlər. Çünki hər iki ölkədə ciddi itkilər baş verib. 2014-cü ildən bəri Donbas bölgəsi ilə bağlı ciddi danışıqlar aparılıb. Donbasın gələcək statusu da mütləq şəkildə müzakirə olunacaq. Hətta sülhməramlıların bölgəyə necə yerləşdirilməsi məsələsi də gündəmdədir. Ən vacib məsələlərdən biri isə Ukraynanın təhlükəsizlik təminatlarını almasıdır. Ukrayna artıq aydın düşüncəli və təcrübəli mütəxəssislərə sahibdir, buna görə də bu məsələni qarşı tərəfdən tələb edəcəklər. Hazırkı danışıqların ilkin mərhələsi əsir mübadiləsi ilə bağlıdır. Hər iki ölkədə kifayət qədər əsir var. Humanitar dəhlizlərin yaradılması istiqamətində də ciddi danışıqlar aparılacaq. Rusiya tərəfi əvvəllər bu görüşlərin şərtsiz əsaslarla keçirilməsini irəli sürüb. Yəqin ki, hələ də bu yanaşma dəyişməyib və belə də davam edəcək. Zelenskinin 2022-ci ildə verdiyi fərmana əsasən, o, Putini qeyri-legitim tərəf elan edib. Bu da həm o zaman, həm də indi Rusiya üçün əsas maneə sayılıb. Bu maneənin aradan qaldırılması tələb olunacaq. Amerikada hakimiyyət dəyişikliyindən sonra Putin öz təmasları ilə müəyyən blokadaları aşa bilib. İkitərəfli görüş onun sülh tərəfdarı imicini bərpa edə bilər. Putin, həmçinin, bu görüşlə legitimlik qazanmağa çalışacaq. Əgər Zelenski və Putin arasında görüş baş tutsa, bu, ölkələrarası ilk birbaşa təmas olacaq. Ümid edək ki, diplomatik təmaslar daha ciddi şəkildə davam edəcək".
Aygün Babayeva