"Çoxlu insan ölür”-Tramp

Bölmə: Siyasət › ,
Tarix: 20:30 01.08.2025

ABŞ-nin Prezidenti Donald Tramp Rusiyanın Kiyevə son hücumunu şərh edərkən vəziyyətin acınacaqlı olduğunu bildirib. O, hər iki tərəfin ciddi itkilər verdiyini vurğulayaraq deyib: “Çoxlu rus ölür, daha çox rus ölür. Ukraynalılar ölür”. Qeyd edək ki, Rusiyanın ötən gün Kiyevə raket hücumu nəticəsində azı 15 nəfər həyatını itirib, 145 nəfər yaralanıb.

 

Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, Tramp bu sözlərlə həm Putinə xəbərdarlıq edir, həm də seçicilərinə göstərmək istəyir ki, müharibə artıq hər iki tərəf üçün ciddi insan itkisinə səbəb olur. Xüsusilə rusların ölümü Rusiya daxilində narazılıq yaradaraq Putinin mövqeyini zəiflədə bilər:

 

"Təbii ki, bu vəziyyət uzun müddət davam etdikcə və ölənlərin sayı artdıqca, bu insan resurslarının tükənməsi ilə nəticələnə bilər. Rusiya artıq yavaş-yavaş bunu hiss edir. Elə buna görə də indi Rusiyada belə qanunlar qəbul olunur ki, Rusiya vətəndaşı olmayanlar da Ukrayna müharibəsində iştirak edə bilsinlər.

Çünki Ruslar artıq öz vətəndaşlarının ölməsi riskini gözə almaq istəmirlər. Əgər Moskvadan, Peterburqdan, yəni paytaxtdan və mərkəzdən olan ruslar kütləvi şəkildə ölməyə başlasa, bu artıq Rusiya cəmiyyətində ciddi narazılıq doğura bilər. Biri var kənar bölgələrdən – məsələn, Buryat, Çeçen, Dağıstanlı, Koreyalı, Çukça – olanlar ölür, bir də var etnik ruslar ölür.

Bu vəziyyət Rusiyanın daxili sabitliyi üçün real problemə çevrilə bilər. Və Putinin özü də bunu anlayır. Tramp da, görünür, bu məqamı vurğulamaqla mesaj verir ki, bu Rusiya üçün potensial təhlükədir. Amma hazırda Putin bu təhlükəni ciddi qəbul etmir. Çünki hələlik bu siyasətin ağır fəsadları Rusiya tərəfindən tam hiss olunmur".

 

Ekspert həmçinin bunu da bildirib ki,insan resurslarının tükənməsi artıq müharibənin gedişində hiss olunur. Amma bu, hələ tam şəkildə ortaya çıxmayıb. Ona görə də Rusiya üçün bu tip mesajların hazırda böyük təsiri yoxdur:

 

"Müharibə uzandıqca və Rusiya bu bataqlıqdan çıxa bilmədikcə, insan resursları problemi ilə üzləşməsi qaçılmaz olacaq. Axı nə vaxta qədər başqalarının hesabına vuruşmaq olar? Nə zamansa, etnik rusları da cəbhəyə göndərmək lazım gələcək. O zaman Rusiyada da əvvəlki müharibələrdə olduğu kimi, ictimai narazılıq arta bilər. Məsələn, əvvəlki müharibələrdə “Rus anaları” cəmiyyəti ciddi sosial etiraz formalaşdırın. İndi isə həmin etiraz səviyyəsi görünmür, amma bu o demək deyil ki, olmayacaq. Əgər ötən müharibədə 1 problem yaranmışdısa, bu dəfə 10-20 qat daha ciddi sosial və siyasi nəticələr ola bilər. Hazırda müharibəyə əsasən kimsəsizlər, evsizlər, alkoqoliklər və digər etnik azlıqlar göndərilir və onlar qırılır. Amma əgər sabah normal, orta statistik rus vətəndaşını zorla müharibəyə aparmaq zərurəti yaransa, bu, Putin rejimi üçün ciddi təhlükəyə çevrilə bilər. Tramp da bu mesajı vermək istəyir: "Sən bu itkiləri davamlı şəkildə verəcək gücdə deyilsən, hələ gəncsən – dayan, müharibəni uzatma".

 

Gülhüseynova Güllər