Pezeşkian Pakistana səfər edəcək

Tarix: 21:24 01.08.2025
Ziyarət çərçivəsində Pakistan və İranın dövlət başçıları Asif Əli Zərdari ilə Məsud Pezeşkian, habelə hər iki ölkənin hökumət nümayəndələri arasında yüksək səviyyəli danışıqlar aparılacaq.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Pezeşkianın əsas məqsədi ondan ibarətdir ki, birincisi, Pakistan rəhbərinə ali dini lider Əli Xameneinin mesajını çatdırsın, ikincisi isə strateji tərəfdaşlığın yeni mərhələlərinin xüsusiyyətlərini müzakirə etsin:
"Pezeşkianın əsas məqsədi ondan ibarətdir ki, birincisi, Pakistan rəhbərinə ali dini lider Əli Xameneinin mesajını çatdırsın, ikincisi isə strateji tərəfdaşlığın yeni mərhələlərinin xüsusiyyətlərini müzakirə etsin. Təbii ki, bu iki ölkə bir cərgədədir və son zamanlar baş vermiş İsrail–İran qarşıdurmasında da Pakistan qəti şəkildə İranı dəstəklədi. Hətta bəyan etdi ki, əgər İsrail İrana qarşı nüvə başlıqlarından istifadə edərsə, Pakistan İslam nüvə silahını işə sala bilər. Bu onu göstərir ki, Pakistan İslam həmrəyliyi baxımından fəal mövqe tutur. Digər tərəfdən, İranla qonşu dövlət kimi münasibətləri yaxşıdır, baxmayaraq ki, zaman-zaman sərhəddə müəyyən problemlər yaşanıb. Ancaq əsas, yəni strateji məsələlərdə onlar daim bir-birlərini dəstəkləyirlər. Qeyd edim ki, Pakistan müstəqil olduqda onu ilk tanıyan dövlət İran olub. İran və Pakistan xalqları arasında etibarlı münasibətlər mövcuddur və qarşılıqlı əlaqələr ildən-ilə güclənir. Təbii ki, indiki mərhələdə də qlobal Cənubun dirçəlişi və yeni inkişaf mərhələsinə qədəm qoyması, məhz bu iki dövlətin rolundan da asılıdır. Hər iki dövlətin böyük texnoloji potensialı var və mən hesab edirəm ki, bu danışıqlarda, bu növbəti görüşlər zamanı məhz texnoloji suverenliyin həm İranın, həm Pakistanın, həm də ümumilikdə İslam birliyinin gücləndirilməsi məsələsi gündəmdə olacaq. Çünki aydındır ki, qlobal Şimal heç vaxt öz qabaqcıl texnologiyaları və innovativ tapıntıları ilə heç kimlə bölüşmür. Onlar yalnız vədlər verirlər. Amma qlobal Cənubun öncülləri İran, Pakistan, Türkiyə və digər dövlətlər başa düşürlər ki, özlərini etibarlı şəkildə təmin etmək üçün yalnız insan kapitalını gücləndirməli və qarşılıqlı əməkdaşlığa yeni nəfəs verməlidirlər. Bu baxımdan düşünürəm ki, həm İran, həm də Pakistan ümidverici mövqedədir. Hər iki ölkənin sənaye kompleksindəki inkişaf da bilavasitə öz texnoloji irəliləyişləri və tapıntıları ilə bağlıdır. Hazırda görürük ki, Qərb qütbü, başda ABŞ olmaqla, çox ciddi şəkildə çalışır ki, İslam ölkələri sabit inkişaf yolunda irəliləyə bilməsinlər. Buna görə də bu dövlətlər üçün xarici təsirlərlə süni problemlər yaradılır. Elə İranın timsalında da bunu müşahidə etdik. İsrailin İrana hücumu onu göstərdi ki, ABŞ heç bir müsəlman dövlətinin sabit və müstəqil inkişafı ilə razılaşmır. Bu, Avropaya da aiddir. Qlobal Şimalda yerləşən bütün ölkələr inkişaf arealında özlərini görürlər və heç vaxt istəmirlər ki, onlara ciddi rəqiblər çıxsın. Yəni, rəqiblər ola bilər, amma zəif formada, güclü və müstəqil şəkildə yox. Elə bu səbəbdəndir ki, İsrailin ətrafında yerləşən dövlətlərin hamısı, Misir, Suriya, İordaniya və digərləri bərbad vəziyyətdədir, dərin böhranlar yaşayır. Çünki İsrailə verilmiş gizli bir “missiya” var, ətrafındakı ölkələrin inkişaf etməsinə imkan verməmək,onların sabitlik və tərəqqi yoluna qədəm qoymasının qarşısını almaq.
Ermənistan da Qərb tərəfindən məhz bu məqsədlə bölgəyə yerləşdirilmiş bir alətdir, İslam və Türk dünyasında yer tutmaq və ətraf ölkələrin inkişafına maneə olmaq üçün. Bu, Qərbin mənfur yanaşmasının nümunəsidir. Ona görə də həm İran, həm də Pakistan elitaları bu məsələnin mahiyyətini yaxşı anlayırlar. Vaxtilə soyuq müharibə dövründə ABŞ birmənalı şəkildə Pakistana dəstək verirdi, çünki Sovet İttifaqı Hindistanın tərəfində idi. Lakin zaman keçdi, artıq prioritetlər dəyişib. Hazırda ABŞ Hindistana daha çox yaxınlıq göstərir və bu, Pakistanın inkişafını ləngitmək məqsədi daşıyır. Pakistan isə öz nicat yolunu həm Çin, həm İran, həm də Türkiyə ilə yaxınlaşmada görür. Ona görə də hesab edirəm ki, bu məsələlərin hamısı liderlərin diqqət mərkəzində olacaq. Baş nazir Şahbaz Şərif və prezident Pəzeşkian bir-birlərini kifayət qədər yaxşı tanıyırlar. Hətta bu yaxınlarda Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) zirvə görüşündə də birlikdə iştirak etdilər, söhbətləşdilər və münasibətlərini bir daha nəzərdən keçirdilər. Bu isə çox ümidverici bir göstəricidir. Regiona gəldikdə isə, əlbəttə ki, bütün güc mərkəzləri elə hədəflərə kökləniblər ki, strateji resurslarını və potensiallarını artıraraq qarşıdan gələn risklərə və çağırışlara dayanıqlı olsunlar. Qarşıda çox ciddi, dəhşətli çağırışlar gözlənilir və istər-istəməz risklər artır. Hazırda dünyada xaosun və qeyri-müəyyənliyin hökm sürdüyü bir dövrdə strateji tərəfdaşlıqlar həmişə olduğundan daha önəmlidir. Bir-birilərinə yaxın olsunlar, bir-biriləri ilə məsləhətləşmələr və danışıqlar aparsınlar, birgə səylərlə qarşıdan gələn riskləri aradan qaldırsınlar. Mən belə başa düşürəm ki, həm Pakistan, həm də İran yalnız özlərini düşünmürlər. Onların Qafqaz bölgəsində, Qərbi Asiyada və Orta Asiyada maraqları var. Bu bölgələrdə ABŞ müxtəlif üsullarla qarışıqlıq yaratmağa çalışır, qarşıdurmaları alovlandırır və məqsədyönlü yanaşmalar sərgiləyir ki, bölgələr daimi böhran içində qalsın. Lakin düşünürəm ki, artıq xalqlar oyanış dövrünü keçiblər. İranlılar, pakistanlılar, azərbaycanlılar, türklər hər kəs anlayır ki, əzəli düşmənləri kimlərdir və onların niyyətləri nədən ibarətdir. Onların istəyi budur ki, həmişə onlara möhtac olaq. Bu möhtaclığın qarşısını almağın yeganə yolu isə intellektual inkişaf, texnoloji üstünlük, süni intellektin əldə olunması və həmfikir ölkə və xalqların bir cərgədə dayanmasıdır".
Səmayə Səftərova